BMU-da bu devizlə əmək sərgisi keçirilib


Bakı Mühəndislik Universiteti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” devizi altında əmək sərgisi keçirilib. Sərgidə 73 müəssisə tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 543 iş yeri və 26 təcrübə proqramı təklif edib.

 

Sərgidə “SOCAR”, “Veysəloğlu Şirkətlər Qrupu”, “Beynəlxalq Bank”, “Kapital Bank”, “Azercell”, “Bakcell”, “Nar”, “Gilan Holdinq”, “KPMG”, “EY”, “Azər-Türk Bank”, “Avrora” MMC, “Azertexnolayn” MMC, Sumqayıt Texnologiya Parkı (STP), müxtəlif banklar, habelə digər dövlət və özəl şirkətlər vakant iş yerləri ilə təmsil olunub.

 

Tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov, BMU-nun rektoru, professor Havar Məmmədov, eləcə də dövlət və özəl müəssisələrin nümayəndələri  iştirak ediblər. 

 

Sərgi ilə tanış olan BMU-nun rektoru, professor Havar Məmmədov qeyd edib ki, universitetdə vaxtaşırı tələbələrin istehsalat müəssisələri və müxtəlif şirkətlərin nümayəndələri ilə görüşləri keçirilir. Bugünkü tədbir də həmin silsilədən  biri olmaqla, həm də bakalavr və magistr tələbələrin istehsalat müəssisələri ilə əlaqələrini genişləndirmək yolunda əsaslı addım atmasına kömək edir. Tədbir tələbələrin işlə təmin olunması ilə yanaşı onların gələcəkdə keçəcəkləri istehsalat təcrübəsi istiqamətlərini müəyyənləşdirməyə də imkan verir.    570-dən artıq tələbə və məzunun iştirak etdiyi sərgidə dövlət və özəl şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələr tərəfindən təklif olunan vakansiyalar haqqında iştirakçılara ətraflı məlumat veriblər. İşə düzəlmək arzusunda olan 241 gənc CV-lərini vakant yerlər üzrə müəssisələrə təqdim edib.