Martın 18-də Bakı Slavyan Universitetinin (BSU) ikinci tədris binasında Filologiya və xarici dil müəllimliyi və Azərbaycan filologiyası və jurnalistika fakültələrinin birgə təşkilatçılığı ilə Novruz  bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nurlana Əliyeva bu bayramın tarixin ən qədim dövrlərindən günümüzə qədər gəldiyini, sülh, əmin-amanlıq rəmzi olduğunu bildirib. Nurlana Əliyeva deyib: “Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir.”  Rektor gənclərin azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşəcəklərinə inamımı ifadə edib, bayram münasibətilə xoş arzularını dilə gətirib.

 

Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva Novruz bayramı münasibətilə təbrik nitqi söyləyiblər. Professor Eldar Piriyev bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın əziz el bayramı olan Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

Sonra qara zurnanın sədaları altında Kosa, Keçəl və Bahar qızının gəlişi, Kosa ilə Keçəlin deyişməsi bayram şənliyində xüsusi ab-hava yaradıb. Milli geyimli tələbələr tədbir iştirakçılarına bayram xonçası təqdim ediblər.

 

Tədbir geniş konsert proqramı ilə davam edib.

 

Şakir CƏFƏROV