Bununla bağlı NDU-da görüş olub


“İdeyadan biznesə” layihəsinin Naxçıvan turunun keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov Naxçıvan Dövlət Universitetində olub. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu bildirib. Vurğulanıb ki, belə layihələrin həyata keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdiyi bilikləri digərləri ilə bölüşürlər.

 

Sonra nazir çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” sərəncamını diqqətə çatdırıb. Ölkəmizdə startap hərəkatının genişləndirilməsi sahəsində həyata keçirilən işlərdən danışan nazir qeyd edib ki, Ali Məclis Sədrinin xüsusi göstərişi əsasında  layihənin icrası məqsədilə nazirlikdə Tədbirlər planı hazırlanıb, bu istiqamətdə müvafiq işçi qrupu yaradılıb. Bildirilib ki, layihənin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək verməkdir. Nazir vurğulayıb ki, cəmiyyətin ən aktiv təbəqəsi sayılan gənclərin ideyalarının gerçəkləşməsində bu cür layihələrin əhəmiyyəti böyükdür.

 

Sonra nazirliyin əməkdaşı Nazim Cəfərli tələbələrə “İdeyadan biznesə” layihəsi çərçivəsində reallaşdırılan startap turları barədə ətraflı məlumat verib. Uğurlu startapçı olmaq üçün tələb olunan kriteriyalar sadalanıb. Bildirilib ki, innovasiya, texnologiya, fəaliyyət müddəti, əhatə dairəsi, maliyyələşmə startapı kiçik biznesdən fərqləndirir.

 

Nazirliyin digər əməkdaşı Rahim İbrahimli uğurla nəticələnən startap layihələri, Hüseyn Əsgərli isə  tələbələri layihənin proqramı ilə  tanış edib. Diqqətə çatdırılıb ki, yeni ideyaların ortaya çıxarılması üçün diskussiyaların təşkil edilməsi, startap komandalarının formalaşdırılması, həmin planlar üzərində təqdimatlar keçirilməsi planlaşdırılıb. Vurğulanıb ki, may ayının 7-8-də isə “İdeyadan biznesə” layihəsinin Naxçıvan turu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata  keçiriləcək.

 

Sonra Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Tural Novruzlu, Naxçıvan Müəllimlər İnstitunun “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi, psixoloq Çapay Quliyev, Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov mövzu ilə bağlı çıxış ediblər.