Azərbaycan Elm Assosiasiyası növbəti tədbirinə hazırlaşır


Yaşadığımız dövrdə  dünya elmində baş verən inqilabi dəyişikliklərin, yeni innovasiyaların, elmi-texnoloji  kəşflərin ətraflı öyrənilərək daha geniş,  səmərəli tətbiqi mühüm əhəmiyyət kəsb etməkdədir.   Ölkəmizdə  elmi biliklərin yayılmasına xidmət edən  bir sıra məzmunlu layihələrə imza atan  Azərbaycan Elm Assosiasiyası (ASA)  növbəti  tədbirinə hazırlaşır.   ASA-nın sayca 2-ci olan Multidissiplinar Elmi Forumu (MEF 2019)  aprelin 13-14 tarixlərində keçiriləcək.   ASA-nən həmtəsisçisi, gənc tədqiqatçı  İnqilab Şahbazovun "Azərbaycan müəllimi"  qəzetinə verdiyi məlumata əsasən,   Avropa-Azərbaycan Məktəbinin Badamdar korpusunda baş tutacaq forumda  dəqiq,  humanitar elm sahələrini əhatə edən 12 təqdimat  nümayiş olunacaq.    


Forumda  "Mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma" (Fuad Məmmədov,  AR Mərkəzi Bankı),   "Cinayətkarlığa qarşı mübarizə metodları"  (ASA, İnqilab Şahbazov), "Zənginlik və xoşbəxtlik arasındakı əlaqə - iqtisadi yanaşma" (Xətai Əliyev , UNEC Empirik Tədqiqatlar Mərkəzi),   "Cinayətkarın cəzalandırılması və insan ləyaqəti problemi"  (Mail Yaqub),   "Cinayətkarlıq və residivizm"  (Rövşən Nəbiyev, Bakı Dövlət Universiteti & Ədalət Hüquq Firması),  "Azərbaycanda kibercinayətkarlığın reallığı və qavrayışı"  (Elvin Balacanov,  ASAN Xidmət) , "Neft və qaz sənayesində dəyər zənciri"  (Təbriz Əmmayev, SOCAR) ,  "Elmi sahibkarlıq " (Rüfət Əzizov, Unimetal),  "Elektrik təhlükəsizliyi"  (Səbinə Əliyeva, SOCAR Karbamid),   "Startup ekosistemi"  ( Asif İbrahimov,  Azerlotereya/Fit2Best & Azercell/Apple) ,  "İnnovativ dünya və biz"  (Elnur Səfərli,  ADNSU),  "Homeopatiya, xalq təbabəti, ənənəvi təbabət. Yalan yoxsa gerçək? (Emil Civişov, ADA & UFAZ) mövzularında təqdimatlar olacaq.   Tədbir keçirilən məkanda müxtəlif elmi və texnoloji demolar nümayiş olunacaq. Forumun sonunda itirakçılara sertifikatlar veriləcək.


Forumun əsas məqsədi  gələcəkdə elmi karyera qurmaq istəyən şagird və tələbələri maraq göstərdikləri sahələrdəki aktual mövzular barədə məlumatlandırmaq,  öz sahələrində uğur əldə etmiş, dünyanın məşhur elm və təhsil müəssisələrində təhsil alan və çalışan, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən mütəxəssislərlə geniş ünsiyyət imkanı, yeni elmi nailiyyətlərin mütəxəssislər tərəfindən təqdimatı, həmvətənlərimizin xaricdə təhsil və iş həyatı haqqında məlumat əldə etmək fürsəti yaratmaqdır.


Qeyd edək ki,   dünyanın nüfuzlu universitetlərində təhsil  almış, hazırda təhsillərini davam etdirən və ölkəmizdə təhsil alan gənclər tərəfindən yaradılmış Azərbaycan Elm Assosiasiyasının əsas məqsədi elmlə məşğul olan və tədqiqatlara maraq göstərən insanları bir araya gətirməklə elmin inkişafına töhfə verməkdir.  

 


Oruc MUSTAFAYEV