Maaşının 80 faizini şagirdlərinə xərcləyən Piter uşaqlarda elmə sevgi oyadacağına ümid edir


Keniyalı  müəllim Piter Tabiçi Dubayda  2019-cu il üzrə  Dünya Müəllim Mükafatının (Global Teacher Prize) sahibi  elan olundu.   Dünyanın 50 ən yaxşı müəllimi arasından seçilən Piter Tabiçi  1 milyon dollar qazanıb.  Mükafatlandırma mərasimində  Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum iştirak edib.  BBC-nin məlumatına əsasən, 36 yaşlı Piter Tabiç Keniyanın kənd orta məktəbində təbiət  elmləri  üzrə  dərs keçir və maaşının  80  faizini kasıb  ailələrdən olan şagirdlərinin  məktəbli formasına və dərsliklərinə xərcləyir.  Onların bəziləri valideynlərini  itiriblər.  P.Tabiçin  yaşadığı Pvani kənd məktəbində vəsait daim çatışmır. Tabiçin  sözlərinə görə, məktəbdə müəllimlərin və məktəb vəsaitlərinin  güclü çatışmazlığı hiss olunur. Siniflərdə 70-80-ə qədər şagird var. Uşaqların çoxu  hər səhər məktəbə yetişmək üçün piyada 6 km yol qət etməlidir.


"Pul - hər şey deyil", -  deyə Piter bildirir.  O, uşaqlarda elmə sevgi oyadacağına ümid edir.


Qeyd edək ki, "Müəllimlərin Nobeli"  adlandırılan Global Teacher Prize mükafatını hər il təhsilə, fəaliyyətləri ilə müəllimliyə xüsusi dəyər qatan müəllimlər qazanır. Məqsəd müəllimləri təşviq etmək, şagirdlərə ilham olan müəllimlərin fəaliyyətlərini dəyərləndirmək və dəstək olub dünyada tanıtmaqdır. "Müəllimlik dünyanın ən önəmli peşəsi olmalıdır və onlara lazımlı hörmət göstərilməlidir"-  mükafatın əsas qayəsi budur.  Əvvəlcə  bütün dünyadan ən yaxşı 50 müəllim, daha sonra  ən yaxşı 10 müəllim seçilir. On müəllim arasından isə 1-ci olan müəllim 1 milyon dollar mükafat qazanır.


Məlumat üçün deyək ki, Azərbaycandan indiyədək sadəcə bir müəllim - Məhəmməd Qarakişiyev 2014-cü ildə  ilk 50-liyə düşə bilib.
Qeyd edək ki,  mükafat hindistanlı biznesmen Sanni Varkeyin  adını daşıyan "Sanni Varkey" Xeyriyyə Fondu tərəfindən təsis olunub.

 


Oruc MUSTAFAYEV