AMEA bu adda keçirdiyi müsabiqəyə yekun vurub


Elm Günü ilə  əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə müsabiqənin qalibi məlum olub.

 

Müsabiqəyə ümumilikdə ayrı-ayrı şəxs və kollektivlərdən  31 iş təqdim olunub. AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı ilə yaradılmış Ekspert komissiyası təqdim olunan işlərin yekun qiymətləndirməsini sona çatdırıb və qalib müəyyənləşib.

 

Elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən kainat və onun əsas inkişaf mərhələlərinə həsr olunmuş elmi və elmi-populyar əsərinə görə AMEA Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov AMEA Rəyasət Heyətinin mükafatına layiq görülüb. Qalibə 3000 manat pul mükafatı təqdim ediləcək.

 

Qeyd edək ki, mükafat elmi populyarlaşdırmaq, elmi bilikləri və nailiyyətləri, yeni elmi istiqamətlərini təbliğ etmək, Azərbaycan elmində baş verən yeniliklərlə və əldə olunan elmi nəticələrlə ictimaiyyəti tanış etmək, habelə AMEA-nın fəaliyyətini geniş işıqlandırmaq, gənclərdə elmi fəaliyyətə maraq oyatmaq məqsədilə təsis edilib.