Universitetin hər üç tədris binasının foyesində açılan sərgidə elmi-tədqiqat işlərinin nəticələri nümayiş etdirilib


Martın 27-də Sumqayıt Dövlət Universitetində Elm Günü münasibətilə professor-müəllim heyətinin yaradıcılıq sərgisi təşkil olunub.

 

Universitetin hər üç tədris binasının foyesində açılan sərgidə kafedra və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri nəticəsində çapdan çıxmış kitablar, yüksək impakt faktorlu jurnallarda dərc edilmiş məqalələr, alınmış patentlər, layihə işləri, qurulmuş maketlər, cihazlar, qurğular, rəsmlər və s. nümayiş olunub.

 

Rektor, professor Elxan Hüseynov sərginin əhəmiyyətindən bəhs edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir.  Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Elm Gününün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamı da Azərbaycan elminə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Belə bir günün təsis edilməsi elm adamlarının qarşısında daha ciddi vəzifələr qoyur. Universitetdə müasir tələblərə uyğun kadr hazırlığına mühüm diqqət yetirilidiyini diqqətə çatdıran rektor onu da vurğulayıb ki, alimlərimizin impakt faktorlu jurnallarda yayımlanan məqalələrinin sayı ildən-ilə artır. Universitetdə alimlər üçün yaradılan əlverişli şərait elmi-tədqiqat işlərinin sayının çoxalmasına, keyfiyyətin isə artmasına səbəb olub. Bu baxımdan universitetin elmlər doktoru və professorlarının əldə etdiyi elmi nailiyyətlərin nümayiş etdirilməsinə ciddi ehtiyac yaranıb. Elə sərginin keçirilməsində məqsəd də elmin bugünkü nailiyyətlərini tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, eləcə də elmi-tədqiqat işlərinin səmərəliliyinin artırmaqdır. Rektor bu cür sərgilərin davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb. Rektor, eyni zamanda, Elm Gününün qeyd edilməsi ilə bağlı nəzərdə tutulan Tədbirlər planına əsasən  silsilə tədbirlərin reallaşdırılacağını söyləyib.