Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Cocuq Mərcanlı kənd tam orta məktəbində olub. Şagirdlərə bayram sovqatı aparılıb, məktəbin ərazisində xatirə ağacı əkilib. Əvvəlcə məktəbin kollektivi Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri qoyub.

 

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova qardaşlaşan Xırdalan və Cocuq Mərcanlı məktəblərini bir-biri ilə daim əlaqə saxladığını,bu əlaqənin dostluğun, qardaşlığın bariz nümunəsinə çevrildiyini diqqətə çatdırıb. 


Novruz bayramını Cocuq Mərcanlı kəndində qeyd etməkdən qürur duyuruq. Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır: “Bu ordu öz gücünü 2016-cı ildə Aprel döyüşlərində göstərib və üçrəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda bayrağımız işğaldan azad edilmiş Şuşada, Xankəndidə də dalğalanacaq”.

 

Cocuq Mərcanlı məktəbinin direktoru Zamin Həziyev məktəblərin qardaşlaşmasını yüksək  qiymətləndirərək bundan sonra Xırdalan məktəbi ilə  dostluq əlaqələrinin genişlənəcəyini bildirib.

 

Nümayəndə heyəti, həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscid və “Qayıdış” parkı ilə də yaxından tanış olub.

 

Rəşad ZİYADOV