Martın 29-da Bakı şəhəri 6 nömrəli məktəb-liseyin VII b sinfinin şagirdləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) olub. Öncə şagirdlər XİN-in nəzdindəki muzeyə baxış keçiriblər. XİN-nin mətbuat katibi Leyla Abdullayeva şagirdlərə muzey haqqında ətraflı məlumat verib. O, 2009-cu ildə Azərbaycan diplomatik xidmət orqanlarının 90 illiyi münasibətilə yaradılmış muzeylə tanışlıq zamanı cari ildə 100 illik yubileyi qeyd olunan Azərbaycan Respublikasının diplomatik xidməti haqqında danışıb. Şagirdlər muzeydə Azərbaycan diplomatiyasının zəngin tarixini əks etdirən arxiv materialları, şəkillər və sənədlərlə tanış olublar.

 

Daha sonra Leyla Abdullayeva nazirliyin akt zalında şagirdlərə Azərbaycan diplomatiyasının tarixi, müsəlman şərqində ilk demokratik respublika quruculuğu təcrübəsi, müstəqil Azərbaycan Respublikasının hazırda dünyada və regiondakı rolundan söhbət açıb.  Ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan xarici siyasət və s. mövzulara dair ətraflı məlumatlar verib. Görüş zamanı mətbuat katibi həmçinin şagirdləri maraqlandıran sualları cavablandırıb.

 

Görüşün sonunda çıxış edən 6 nömrəli məktəb-liseyin 7 b sinifinin rəhbəri Əsmər Abbasova görüşdən çox məmnun qaldığını və belə görüşlərin şagirdlərin intellektual səviyyələrinin artmasına  səbəb olduğunu bildirib.

 

Məktəb-liseyin şagirdləri də görüşdən razı qaldıqlarını deyiblər. Görüş haqqında təəssüratlarını bizimlə bölüşən 7 b sinif şagirdi Leyla Əliyeva deyib ki, bugünki görüş onun üçün çox faydalı və maraqlı keçib. O, tariximizlə bağlı biliklərini artırdığını, Qarabağ münaqişəsi haqqında daha dolğun məlumatlar əldə etdiyini də qeyd edir: “Görüş zamanı ən maraqlı məqam muzeyə getməyimiz oldu. Orada Azərbaycanın  100 illik tarixi olan diplomatik əlaqələrlə bağlı ətraflı məlumatlar əldə etdim”. Leyla Əliyeva bu görüşü heç vaxt unutmayacağını da sözlərinə əlavə edib.

 

Məktəb-liseyin digər şagirdi Ləman Hüseynova da görüşdən çox mənmun qaldığını bildirirb. O, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən sənədlər, şəkillərlə yaxından tanış olduğunu, bu şəkilləri birinci dəfədir ki, görüdüyünü deyib: “ Azərbaycanımızın tarixi ilə yaxından tanış olmaq, ulu öndər Heydər Əliyevin bir çox səfərlərini əks etdirən fotolara baxmaq mənim üçün çox maraqlı idi. Düşünürəm ki, bu gün çox faydalı bir gün keçirdik”. Ləman belə görüşlərin onların gələcək həyatına, hətta peşə seçimində verəcəkləri qərara belə təsir edəcəyini, bəlkə də gələcəyin diplomatlarından birinin onların içərisindən çıxacağını düşünür.

 

 

Niyazi RƏHİMOV