ADMİU-da Aprel döyüşlərinin ildönümü qeyd olunub


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. “Aprel zəfəri” adlı tədbirdə ADMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə üç il öncə əldə olunan  şanlı qələbənin Azərbaycan ordusunun peşəkarlıq və vətənpərvərlik ruhunu nümayiş etdirdiyini bildirib.

 

Aprel döyüşlərində ordumuzun qəhrəmanlığını, fədakarlığını və qələbə əzmini qeyd edən Məryəm Əlizadə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən və bu yolda əlil olan igid və vətənpərvər oğullar haqqında söhbət açıb.

 

ADMİU-nun rektorunun humanitar məsələlərlə iş üzrə müşaviri, filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev Aprel döyüşlərini anbaan lentə alan operatorların çəkdiyi kadrlardan danışıb.

 

Daha sonra çıxış edən Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya üzrə elmlər doktoru, professor Gülşən Kəngərli Aprel qələbəsinin əhəmiyyətindən bəhs edib və bildirib ki, bu tarixi fakt ən yeni tariximizin gələcək nəsillər üçün örnək olan hadisələrindəndir.

 

Daha sonra Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş “Aprel zəfəri” adlı qısametrajlı film nümayiş olunub.