11 universitetin 400-dən çox tələbəsini əhatə edən olimpiadada


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində həyata keçirilən “Gənclər üçün mühasibatlıq üzrə II olimpiadanın təşkili” adlı layihənin Bakı Konqres Mərkəzində final mərhələsi keçirilib.Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.

 

Qeyd edək ki, layihə çərçivəsində final mərhələsindən öncə universitetlər üzrə seçim turları keçirilir və nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanır.

 

Olimpiada ümumilikdə 11 universitetin 400-dən çox tələbəsini əhatə edib. Final mərhələsində isə 45 nəfər tələbə iştirak edib. Beləliklə Maliyyə Nazirliyi yanında “Maliyyə” Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan mühasibat uçotu üzrə suallara əsasən keçirilən olimpadada 1-ci yerə BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi Əfsanə Mustafayeva, 2 və 3-cü  yerlərə həmin fakültənin maliyyə ixtisası ixtisası üzrə III kurs tələbələri Nail Qasımzadə və Ramin Cəfərov layiq görülüblər. Qaliblərə diplom və hədiyyələr təqdim olunub. Digər iştirakçılara isə sertifikatlar və həvəsləndirici hədiyyələr verilib. Həmçinin iştirakçıların gələcəkdə iş yerləri ilə təmin olunması da nəzərdə tutulub.