Universitetdə magistraturada təhsil alanların ilk dəfə elmi konfransı keçiriləcək


UNEC-də Azərbaycanda ilk dəfə olaraq magistrlərin beynəlxalq elmi konfransı keçiriləcək. 31 may - 2 iyun 2019-cu il tarixlərində Bakıda baş tutacaq  “İqtisadiyyat və idarəetmə ixtisaslarinda təhsil alan magistrantların beynəlxalq elmi konfransı”nda Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Macarıstan və dünyanın bir sıra digər ölkələrinin ali təhsil müəssisələrinin magistr pilləsində təhsil alan tələbələri iştirak edəcək. UNEC-in Beynəlxaq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı, ICLEL beynəlxalq konfransının dəstəyi ilə baş tutacaq tədbirin məqsədi ölkəmizdə  elmi tədqiqatların ön plana çıxdığı magistratura pilləsində təhsil alan gənclərin öz tədqiqatlarını təqdim etməsi üçün beynəlxalq  platformanın yaradılmasıdır.

 

Konfransda iqtisadiyyat və idarəetmə ixtisaslarında həm yerli, həm də xarici ölkələrdə təhsil alan gənclər bir araya gətirilərək  multidisiplinar tədqiqatların inkişafına töhfələr verəcək, magistr tədqiqatlarının nəticələrini bölüşəcək, tədqiqatların keyfiyyətinin artırılması üçün fikir mübadiləsi aparacaqlar. Konfrasa azərbaycan, ingilis, türk və rus dillərində qəbul olunan məqalələr ICLEL–in rəsmi internet səhifəsində beynəlxalq ISSN nömrəli formatda elektron qaydada yerləşdiriləcək. Bu isə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı gənclərin konfransın nəticələrindən faydalana bilməsini təmin edəcək. Konfrans vasitəsilə magistr tələbələrinin dissertasiya müdafiəsinə icazə verilməsi ilə beynəlxalq konfrans və ya jurnallarda yayım şərti qoyulan təhsil qurumlarına qəbul olunmuş məruzələr haqqında qəbulla bağlı məktub da veriləcəkdir. UNEC-in Beynəlxaq Magistratura və Doktorantura Mərkəzi gələcəkdə bu konfransın ənənəvi olaraq hər il keçirilməsini planlaşdırır.