Ailələrinə isə təşəkkür məktubu göndərib


Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova 2018-2019-cu tədris ilinin payız semestrini həm bakalavr, həm magistr səviyyəsində uğurla başa vuran əlaçı və zərbəçi tələbələrlə görüşüb. Görüşdə AzMİU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. 

 

Rektor payız semestrində uğur qazanan tələbələri təbrik edib, onlara təhsil həyatlarında daha böyük uğurlar arzulayıb. Rektor ölkəmizdə, eləcə də rəhbərlik etdiyi universitetdə tədrisin və təhsilin keyfiyyətini artırmaq üçün görülən işlərdən, aparılan islahatlardan danışıb. Tələbələrin motivasiyasını, elmə, təhsilə marağını artırmaq üçün belə tədbirlərin davamlı olacağını bildirib. O, çıxışında qeyd edib ki, əlaçı tələbələrə fəxri fərmanlar təqdim etməklə yanaşı, onların ailələrinə, valideynlərinə də təşəkkür məktubu göndəriləcək. Eyni zamanda rektor qeyd edib ki, əlaçı tələbələrin hər birinə 150 manat, zərbəçilərə isə 100 manat məbləğində pul mükafatları veriləcək.

 

Təbriklərdən sonra fəxri fərman və diplomların verilməsi mərasimi başlayıb. Rektor Gülçöhrə Məmmədova, Tədris işləri üzrə prorektor Akif Qasımov, fakültə dekanları, Magistratura Mərkəzinin rəhbəri əlaçı və zərbəçi tələbələri təbrik edib, mükafatlarını veriblər.

 

Məlumat üçün qeyd edək ki, payız semestrində AzMİU-nun bakalavr və magistr səviyyəsi üzrə əlaçı tələbələrinin sayı 30, zərbəçilərin sayı 600-ə yaxın olub. Zərbəçi tələbələrin işərisindən ən yaxşıları, müəyyən göstəricilər üzrə seçilən 25 nəfəri fəxri fərman və mükafata layiq görülüb.