Cocuq Mərcanlıya gedən yolun kənarında Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkilib


Müasir hərb tariximizin zəfər salnaməsi sayılan Aprel döyüşlərindən artıq üç il ötür.  Bu ildönümü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərinə səfər olunub. Səfərdə  təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyi Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak ediblər.

 

Öncə iştirakçılar Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar.

 

Sonra Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb. Abidənin yaxınlığındakı ərazidə və Cocuq Mərcanlıya gedən yolun kənarında Aprel zəfərindən ötən hər gün üçün 1, bütövlükdə 1100 ağac əkilib. Qeyd edək ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilib.

 

Ağacəkmə kampaniyasından sonra iştirakçılar cəbhənin ön xəttinə yollanaraq, əsgərlərin xidmət şəraiti ilə tanış olublar. Əsgər və zabitlərlə görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyatdan söz açıb. Nazir müavini Firudin Qurbanov Milli Ordumuzun şanlı tarixinə çevrilmiş Aprel döyüşlərinin hər bir vətəndaşda qürur hissi yaratdığını qeyd edib.

 

Nazir müavini vurğulayıb ki, Aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Firudin Qurbanov işğal altındakı digər torpaqlarımızın da azad ediləcəyinə əminliyini ifadə edib.

 

Əsgərlərlə söhbət zamanı Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev Aprel şəhidlərinin şücaətindən söz açıb. Rasim Əliyev bildirib ki, 2016-cı ilin aprel ayında  Azərbaycan ordusu düşməni tam məğlub etməyə hər zaman hazır olduğunu nümayiş etdirib. General-mayor Azərbaycan ordusunun işğal altındakı bütün torpaqlarımızı azad etməyə tam qadir olduğunu vurğulayıb.

 

Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov və tədbir iştirakçıları Cəbrayıl rayonunun Novruz Aslanov adına  Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Məktəbə Təhsil Nazirliyi tərəfindən idman ləvazimatları hədiyyə olunub.

 

Sonda tədbir iştirakçıları Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə nahar ediblər.

 

Səfərin sonunda iştirakçılar öz təəssüratlarını bizimlə bölüşüb. Milli Məclisin deputatı Aydın Mirzəzadə səfərin əhəmiyyətindən söz açıb. Gənclərin işğaldan azad olunmuş ərazilərdə olmasını, mövcud vəziyyətlə yerində tanışlığını onların milli vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etdiyini deyən Milli Məclisin deputatı səfər çərçivəsində əsgərlərlə görüşdüklərini və onlarda döyüş ruhunun yüksək olduğunu da sözlərinə əlavə edib. Əsgər və zabitlərin məişət şəraiti ilə də yaxından tanış olduqlarını diqqətə çatdıran Aydın Mirzəzadə Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun daha böyük qələbələrə nail olacağını vurğulayıb.

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da səfərdən çox təsirləndiyini, Qarabağ torpağında olmaqdan qürur hissi keçirdiyini deyib: “Döyüşərək, şəhid verərək geri qaytardığımız torpaqlarda olmaq insana fərəh hissi yaşadır. Səfərimiz çox faydalı keçdi. Aprel doyüşlərində əldə etdiyimiz zəfərdən keçən hər bir gün üçün bir ağac əkdik. Arzu edirəm ki, bu zəfərləri digər işğal altında olan torpaqlarımızda da qeyd edək”.

 

Milli Məclisin deputatı Sona Əliyeva da səfərdən məmnun qaldığını deyib:   “Bu gün Aprel zəfərinin işığına yığışmışıq. İnanıram ki, Aprel zəfəri böyük qələbələrin kiçik başlanğıcı olacaq”. Bu kimi aksiyaların əhəmiyyətini vurğulayan millət vəkili düşmənlə çox qısa məsafədə olmasına baxmayaraq Çocuq Mərcanlıdakı əhalinin qorxmadan, çəkinmədən öz doğma torpaqlarında sərbəst şəkildə  yaşamasını əhalinin ordumuza olan güvənindən xəbər verdiyini də sözlərinə əlavə edib.

 

Milli Məclisin deputatı Dilarə Cəbrayılova bugünki tədbirlə bağlı çox gözəl təəssüratları olduğunu deyib: “İşğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri hamı kimi məni də çox sevindirir. İnanıram ki, belə bir güclü ordu ilə biz tezliklə düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəyik”. Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirin təqdirəlayiq hal olduğunu deyən Dilarə Cəbrayılova Cocuq Mərcanlı məktəbindəki şagirdlərin milli-vətənpərvərlik ruhunda böyüdüklərini də vurğulayıb.

 

Səfər çərçivəsində Cocuq Mərcanlı tam orta məktəbində pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsi Aysel Səlimanova ilə də söhbətləşdik. O, böyük həvəslə Cocuq Mərcanlıda pedaqoji təcrübə keçdiyini deyir: “İlk dəfə rektorumuz akademik Kamal Abdulla tələbələrdən bir neçəsinin Cocuq Mərcanlı məktəbində pedaqoji təcrübə keçməsi təşəbbüsünü irəli sürdü. Mən bu xəbərə çox sevindim və pedaqoji təcrübəmi cəbhə bölgəsində, düşmənlə çox az məsafədə olan məktəbdə keçməyi qərara aldım. Bura gəldikdən və məktəb kollektivi, şagirdlər və yerli əhali ilə tanış olduqdan sonra nə qədər düzgün qərar verdiyimi bir daha anladım”. Aysel Səlimanova onu da qeyd edib ki, təcrübə müddətinin 1 ay olmasına baxmayaraq rəhbərliyə müraciət edərək bu müddətin daha 1 ay artırılmasını xahiş edib.

 

Səfərdə iştirak edən tələbələr də öz sevinclərini bizimlə bölüşüb. “Bir” Tələbə Könüllü proqramının iştirakçısı, Bakı Slavyan Universitetinin tələbəsi Nərmin Cəfərzadə səfərin bu dərəcədə onu təsirləndirəcəyini heç düşünmədiyini deyib: “Çox möhtəşəm bir səfər oldu. Bu səfəri ömrüm boyu unutmayacağam. İlk dəfədir ki, Cocuq Mərcanlıya gəlirəm. Düşmənlə üzbəüz olmalarına baxmayaraq buradakı qaynar həyat məni çox qürurlandırdı. Bakıya qayıdan kimi səfərlə bağlı təəssüratlarımı tələbə yoldaşlarımla bölüşəcəyəm və onlara bu ərazilərə mütləq getməyi deyəcəyəm”. Cocuq Mərcanlı məktəblilərinin söylədikləri şeirin onu kövrəltdiyini də deyən Nərmin səfər təşkilatçılarına minnətdarlığını bildirib.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Şahin Vəlizadə də bu günün onun üçün unudulmaz olduğunu bildirib: “Lələtəpə yüksəkliyinin azad olunması və Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət   haqqında çox eşitmişdim. Lakin bu gün həm Lələtəpəni, həm də burada torpaqlarımızın keşiyində duran hərbiçiləri görmək, onlarla ünsiyyətdə olmaq mənim üçün sözlə ifadə olunmayacaq bir duyğudur. Burada əkdiyimiz ağacların isə, mənə görə, tamamilə başqa anlamı, mənası var”. Əsgərlə birgə nahar etməyin tamamilə başqa bir hiss olduğunu da deyən Şahin Azərbaycan ordusu ilə fəxr etdiyini  sözlərinə əlavə edib.

 

 

Niyazi RƏHİMOV