Növbəti tədris ilindən etibarən Ege Universitetinin professor-müəllim heyəti ikili dövlət proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində tədrisə başlayacaq. Bu  barədə Təhsil Televiziyasının “Təməl” proqramında İzmir Ege Universitetinin rektoru Necdet Budak canlı yayımda müsahibəsində məlumat verib.
 
Onun sözlərinə görə, Türkiyə aqrar sahədə önəmli bir ölkədir. Avropada birinci, dünyada ilk onluqda yer alıb. Aqrar təhsil sahəsində də kifayət qədər ciddi addımlar atılıb. Aqrar sahə üzrə kadr hazırlığında Türkiyədə öz yeri olan İzmir Ege Universiteti qarşılıqlı əməkdaşlıq çərçivəsində tədris proqramlarını, təcrübəsini Azərbaycan Dövlət Aqrar Universiteti ilə paylaşmaq niyyətindədir. Sadəcə bakalavriat pilləsində deyil,  magistratura və doktorantura pilləsində də əməkdaşlığın nəzərdən keçirildiyini vurğulayan Necdetv Budak gələcəkdə birgə elmi araşdırmaları da istisna etməyib.   
 
Məlumat üçün qeyd edək ki, təhsil və kənd təsərrüfatı nazirlərinin iştirakı ilə bu gün Azərbaycan Dövlət Aqrar Universitet ilə Ege Universiteti arasında ilk müqavilə - kənd təsərrüfatı ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının təsis olunmasına dair niyyət protokolu imzalanıb. Protokolun imzalanması ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ali təhsil müəssisələri arasında ikili diplom proqramının təsis olunması üzrə danışıqların aparılması məqsədinə xidmət edir.