Aprelin 9-da Azərbaycan Texniki Universiteti (AzTU) və “Veteran Tankçılar” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin 50 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə  universitetdə şəhidlərin xatirəsini əbədiləşdirən abidə-kompleksi önünə gül dəstələri düzüblər.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxışında ölkə Prezidenti İlham Əliyevin  şəhidlərin şücaətini yüksək qiymətləndirdiyini vurğulayıb, bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğıdan bəhs edib. Rektor əvəzi AzTU-nun “Avtomatika və kompyuter texnikası” fakültəsinin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin, həmçinin  bütün şəhidlərin döyüşlərdə göstərdikləri igidliklərin universitetdə tələbələrə nümunə kimi təbliğ olunduğunu və onların xatirəsinin daima əziz tutulduğunu bildirib.

 

Digər çıxış edənlər Milli Qəhrəmanın vətənpərvərliyindən, torpağına olan sevgisindən, döyüş xatirələrindən danışıblar və belə tədbirlərin keçirilməsinin gənclərin təlim-tərbiyəsində əhəmiyyətini vurğulayıblar.

 

Çıxışlardan sonra Vətənə, torpağa həsr olunmuş  mahnı və şeirlər səsləndirilib.

 

Anım mərasimində  Şövqiyar Abdullayevin ailəsi, döyüş yoldaşları, hərbçilər, ictimai xadimlər, universitetin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

 

Qeyd edək ki, AzTU-nun məzunu Şövqiyar Abdullayev 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə Vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olub. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.