Tədbirdə Azərbaycanın çay mədəniyyəti barədə də məlumat verilib


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin bayramı sayılan “Qingming” - “Təmiz işıq bayramı”na həsr olunmuş “Şərq ölkələrinin çay mərasimi” adlı tədbir keçirilib.

 

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yazın gəlişinin, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramın yaranma tarixindən danışıb. O, Azərbaycan Respublikasının iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sektorunda islahatların aparılması sahəsində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüslərini xüsusilə vurğulayıb. R.Abbasov Azərbaycanda çayçılığın inkişafından söz açaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsindən bəhs edib. Natiq Konfutsi İnstitutunun əməkdaşlarının Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibəti ilə keçirilən II Beynəlxalq çay festivalında iştirak etməsini diqqətə çatdırıb, Çin və Azərbaycan çay ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib.

 

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Azərbaycan çayiçmə ənənələri, çay hazırlama üsulları, çay ilə bağlı Azərbaycan əfsanələri,  ölkəmizdə yetişdirilən çay növlərinin xüsusiyyətləri barədə məlumat verib.

 

Konfutsi İnstitutunun müəllimi Çen Siaocen isə çıxışı zamanı bayramlarda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Tsinmin” bayramı əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayramdır. Çinlilər bu bayramı ölkənin müxtəlif regionlarının təamları - Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü toplar və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edir. 

 

Sonra Konfutsi İnstitutunun əməkdaşları, Yaponiya Araşdırmalar Mərkəzi və Hindi dili və Mədəniyyəti Mərkəzləri ənənəvi çaydanlar, fincanlar və digər aksesuarlardan istifadə edərək milli çay dəmlənməsi mərasimi keçiriblər.

 

Xarici dillər kafedrasının müəllimi Ariştə Xudiyeva isə İngiltərə çay ənənəsi hesab olunan “Five o'clock tea” haqqında ətraflı məlumat verib. 

 

Tədbirdə Prezident İlham Əliyevin Lənkəranda çay fabrikinin açılış mərasimində iştirakından, Azərbaycan və Çin çay mədəniyyəti haqqında videogörüntülər nümayiş olunub.