AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda yazıçı, publisist, ictimai xadim İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib. Sərgidə yazıçının MEK fondlarında saxlanılan “Xatirəyə dönmüş illər”, “Dəli Kür”, “Ölüləri qəbirstanlıqda basdırın”, “Daim axtarışda”, “Ölən dünyam”, “Cəbhə yolları”, “Mənim rəqibim”, “Namərd gülləsi”, “Dostum Hüseyn Arifin lətifələri” və digər kitabları nümayiş olunur. Bununla yanaşı, onun haqqında yazılmış “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri”, “İsmayıl Şıxlının dilçilik görüşləri” (Buludxan Xəlilov), “Həyat və ədəbi tale” (Abbas Hacıyev), “İ.Şıxlının bədii nəsri” (Təyyar Salamoğlu), “İsmayıl Şıxlı. Həyatı, mühiti, sənəti” (Yaqub İsmayılov) nümayiş edilən kitablar sırasında yer alır.

 

İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb.

 

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.

 

Sərgi bu ilin sonunadək davam edəcək.