Aprelin 10-da Sumqayıt Dövlət Universitetində (SDU) Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Sumqayıtın  bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans işə başlayıb.

 

Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, universitetin professor-müəllim heyəti iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Elxan Hüseynov Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar şəhər rəhbərliyini və sakinləri təbrik edib. Rektor vurğulayıb ki, bu gün ölkəmiz dünya miqyasında güclü nüfuza malik bir ölkə kimi tanınır. Əldə edilmiş uğurlar təsdiqləyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursu Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin çoxşaxəli uğurlu fəaliyyətində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları xüsusi önəm daşıyır. Məhz bu möhtəşəm quruculuq proqramlarının sayəsində ölkəmizin bütün bölgələrində yüksək tərəqqiyə nail olunub və əhalinin həyat şəraiti daha da yaxşılaşıb. Rektor Sumqayıt şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən danışıb. Bildirib ki, Sumqayıt şəhərinin mədəni səviyyəsi yüksəlib, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra islahatlar gerçəkləşib, yeni nailiyyətlər əldə olunub.

 

Sonra E.Hüseynov rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib.  Rektor vurğulayıb ki, bu gün SDU-da inkişaf və fərqlilik göz önündədir.  O məlumat verib ki, ali təhsil müəssisəsində əlavə nəzəri və praktiki ixtisas biliklərinə yiyələnmək üçün innovativ təlim-tədris mərkəzinin yaradılması məqsədi ilə universitetdə texnoparkın tədris-təlim mərkəzi yaradılması,universitetin ikinci tədris binasının üzlənməsi və yeni görkəm alması istiqamətində işlər aparılacaq. Həmçinin, universitetin yataqxanalarında məskunlaşmış məcburi köçkün soydaşlarımızı yeni mənzillərlə təmin olunublar, yaxın günlərdə həmin yataqxanalar təmir olunaraq tələbələrin ixtiyarına veriləcək. Rektor tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün “Atıcılıq” və “Qılıncoynatma” bölmələrinin istifadəyə verilməsinin də nəzərdə tutulduğunu bildirib.

 

Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Z.Fərəcov universitetin  kollektivini  salamlayaraq qeyd edib ki, yarım əsrdən çox tarixi inkişaf yolu keçən SDU, güclü maddi-texniki bazaya malik olmuş, ötən illər ərzində yüksəkixtisaslı mütəxəssislər yetişdirmiş və hazırda beynəlxalq əlaqələrini gündən-günə genişləndirməkdədir. Bu gün ölkəmizdə sanballı tədris və elmi- tədqiqat mərkəzlərindən biri kimi tanınan universitetdə aktual istiqamətlərdə elmi araşdırmalar aparılır, təhsilin məzmunu elmi nailiyyətlərlə zənginləşdirilir, yeni-yeni uğurlar əldə edilir. Sevindirici haldır ki, universitetin əldə etdiyi nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən yüksək qiymətləndirilir.

 

Z.Fərəcov yubiley ərəfəsində şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olmasından, ümumən Sumqayıtın sürətli inkişafından da söhbət açıb, bu inkişafın Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi diqqəti sayəsində mümkün olduğunu  vurğulayıb. Bildirib ki, burada Avropa standartlarına uyğun müasir bulvar yaradılıb, mikrorayonlarda məhəllədaxili yollar, küçə və prospektlərdə yollar əsaslı təmir edilib, yaşayış binalarının, məktəb və uşaq bağçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olunub, şəhərin müxtəlif ərazilərindəki parklar daha da abadlaşdırılıb.

 

Z.Fərəcov onu da qeyd edib ki, bu il Sumqayıt şəhərinin 70 illiyi tamam olur. Bununla bağlı ölkə Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. O vurğulayıb ki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilib. Bu gün dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərlərinin, diqqət və qayğısının nəticəsidir ki,  iri sənaye şəhərinə maraq daha da artıb. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir. 

 

Sonda icra başçısı universitetin müəllim və tələbə heyətinin suallarını cavablandırıb. Əlaçı tələbələrə “Bələdiyyə təqaüdlərin” veriləcəyini açıqlayıb. Məzun tələbələrin isə şəhərimizdə fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmaları üçün köməklik edəcəyinə söz verib.