Birinci Qlobal Mühəndislik Simpoziumu Almaniyada maraqla qarşılanıb


Martın əvvəllərində  elmi-tədqiqatçılıq sahəsində təşəbbüskarlığı ilə seçilən bir qrup təşəbbüskar  gənclərimiz  tərəfindən Bakıda  keçirilmiş Birinci Qlobal Mühəndislik Simpoziumu  Almaniyada maraqla qarşılanıb.  Azərbaycan Tələbə və Elmi İşçilər birliyinin (VASW) dəstəyi və  " Metak"  şirkətinin  təşkilatçılığı ilə keçirilən tədbirin əsas təşəbbüskarlarından  olan "Horizon Education Agency" şirkətinin layihə rəhbəri və həmtəsisçisi  Ənvər Məmmədlinin "Azərbaycan müəllimi"  qəzetinə verdiyi məlumata əsasən, Almaniyanın Frayberge Texnik Universitetinin  internet səhifəsində almaniyalı professorların da iştirak etdiyi simpoziumun əhəmiyyətindən bəhs olunub. 

 

Tədbirdə mühazirəçi kimi adıçəkilən universitetin professoru Feliks Plamper və Dağ-Mədən və Tikinti İnstitutunun professoru Corc Barokusun Frayberge Texnik Universitetinin mühəndislik işi üzrə təhsil proqramlarının mərizəçiləri  olduğu qeyd olunur.   Qeyd olunur ki,  simpozium tamamilə təlim üzrə  "Horizon"   Agentliyi tərəfindən  təşkil edilib.   "Horizon Education Agency Dipl"  komandasının lideri   Ənvər Məmmədli hazırda Frayberq Universitetində beynəlxalq magistratura  proqramı üzrə təhsil alır. 

 

Frayberq Universitetinin məlumatda qeyd olunur ki,  simpozium böyük müvəffəqiyyətlə keçib.  Tədbir yerli mətbuatda geniş işıqlandırılıb.  Məlumatda simpoziumun Azərbaycanın təhsil sisteminin və mühəndislik  cəmiyyətinin inkişafına  mühüm təsir göstərəcəyi də  vurğulanır. Növbəti belə bir tədbirin 2020-ci ildə keçirilməsi üçün təşkilatçılar tərəfindən hazırlıq işlərinə başlanıldığı da məlumatda öz əksini tapıb.

 

Beləliklə də dünyanın ilk, qədim mədən universiteti sadəcə bir neçə təşəbbüskar azərbaycanlı gəncin gördüyü işdən yazıb. Xatırlatmaq yerinə düşər ki, Frayberge Texnik Universiteti mədən ixtisası üzrə dünya universitetləri arasında 4- cü, Avropada isə 1-ci yerdədir.


Sonda qeyd edək ki, Birinci Qlobal Mühəndislik Simpoziumun təşkil olunmasında əsas məqsəd ölkəmizdə  mühəndis olmağa can atan gənclərin bu sahənin peşəkarları ilə görüşərək mühəndislik sahəsində bilik və bacarıqlarının artırılmasını təmin etmək, həmçinin, onları həvəsləndirmək və motivasiya etmək,  gənclərimizin ölkəmizdə və xaricdə mühəndislik karyeralarını uğurla qurmasına təkan verməkdir.

 

Oruc MUSTAFAYEV