Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Avropa Komissiyasının maliyyə dəstəyi ilə Erasmus+ proqramı çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsinin professor-müəllim heyəti üçün geniş təqdimatı keçirilib. Təqdimat layihənin koordinatoru olan Bakı Biznes Universitetinin (BBU) ADPU-da layihənin yerinə yetirilməsi ilə bağlı monitorinqi çərçivəsində gerçəkləşib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, universitet 100 illik yubileyinə hazırlaşır. Bu münasibətlə universitetdə islahatlar, yeniliklər, müxtəlif layihələr həyata keçirilir. Ali təhsil müəssisəsinin inkişafı beynəlxalq əlaqələrin yaradılması və genişləndirilməsi ilə sıx bağlıdır. Erasmus+ EQAC layihəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində ötən bir il ərzində ADPU-da cari vəziyyət öyrənilib, müvafiq sorğu keçirilib, hesabat hazırlanıb, əməkdaşlarımız layihə ilə bağlı müxtəlif respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak ediblər. Universitetdə Keyfiyyətin təminatı şöbəsi yaradılıb, professor-müəllim heyətinin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsi tətbiq edilir və bu, müəllimlər üçün motivasiya yaradır. ADPU-da insan resurslarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Universitetdə professor-müəllim heyətinin işə qəbulu seçki yolu ilə, tədris-köməkçi heyətin işə qəbulu isə müsabiqə yolu ilə həyata keçirilir. Həm seçki, həm də müsabiqə şəffaf, ədalətli və obyektiv keçirilir.

 

BBU-nun rektoru, professor İbad Abbasov Avropa ali təhsil məkanına inteqrasiya etməyin üstünlüklərindən danışıb.  O bildirib ki, təhsil daim təkmilləşən, yeniləşən, inkişaf etməkdə olan sahədir. Bu sahədə işin yenidən qurulması, islahatların davamlılığı olduqca vacibdir. Ali təhsilin beynəlmiləlləşməsi, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması qarşıda dayanan əsas vəzifədir.

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə layihənin uğurlu və kreativ olduğunu bildirərək, əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Sonra tədbir  Heydər Əliyev məktəbinin lektoriyasında davam edib.

 

BBU-nun Layihələrin idarə olunması şöbəsinin müdiri Gülşən Bayramova təmsil etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, yerli və xarici layihələrdə iştirakı, təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün görülən işlər barədə ətraflı məlumat verib.

 

ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov Erasmus+EQAC layihəsi haqqında təqdimatla çıxış edib. Təqdimatda Erasmus+EQAC layihəsi ilə bağlı həyata keçirilmiş tədbirlər, ali təhsil müəssisələrində keyfiyyətə təsir edən əsas amillər, keyfiyyətin artırılması sahəsində Avropa təcrübəsi, keyfiyyətin artırılması ilə əlaqədar ADPU-da görülmüş işlər, eləcə də universitetdə layihə ilə bağlı həyata keçirilmiş işlərdən danışılıb.

 

Tədbir layihə ilə bağlı sualların cavablandırılması ilə davam edib.