Azərbaycan Texnologiya Universitetində (UTECA) tələbələr üçün 5 gün davam edəcək seminarlara start verilib. Seminarlar Excel funksiyalarını istifadə edərək sadə statistik hesablama, məlumat təhlili, statistikanın əsas şərtləri və tədqiqatda istifadəsi, nəticələrin analizi, hipotez testlərinin aparılması, effektiv və məhsuldar tədqiqat işininin yazılması başlıqlarını əhatə edəcək.

 

Qeyd edək ki, seminarlar Polşanın Qlivitse şəhərində yerləşən Silesiya Texnologiya Universitetinin dosenti, elmlər doktoru Maçi Volnı (Maciej Wolny) tərəfindən keçirilir.

 

Erasmus+ proqramı çərçivəsində ölkəmizə gələn Maçi Volnı bildirib ki, xarici təcrübəni UTECA-nın tələbə və müəllim heyəti ilə paylaşmaq üçün Azərbaycana gəlib. Qonaq  UTECA-nın xarici əlaqələrinə toxunaraq bildirib ki, universitet 3 beynəlxalq proqramda iştirak edir, 11 xarici universitetlə daim tələbə-müəllim mübadilələri aparır. Bu əlaqələr tələbənin sahib olacağı ixtisasın sirlərinə daha mükəmməl yiyələnməsinə şərait yaradır. Digər tərəfdən, UTECA Webometrics reytinq cədvəlində Azərbaycan üzrə ön sıralarda yer alıb: “Bu mənim Azərbaycana ilk səfərimdir və mən ölkəmə Azərbaycan haqqında ancaq xoş təəssüratlarla qayıdacağam. Ümid edirəm ki, mənim Azərbaycan Texnologiya Universitetinə bu səfərim ölkələrimiz və universitetlərimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək”.

 

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində son illər peşəkarlar, eləcə də xarici mütəxəssislər tərəfindən verilən peşəkar dərslərinə xüsusi önəm verilir. Bu çərçivədə indiyə qədək Avropa (Erasmus+) və Türkiyə (Mevlana) universitetləri ilə 34 müəllim və tələbə mübadiləsi aparılıb. Belə dərslər ilk olaraq tələbənin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsinə böyük töhfə verir. Mühazirə və ondan sonrakı diskussiyalar həm də tələbənin elmi potensialını ortaya qoyur, dəyərli tövsiyyələr onun kamilləşməsinə təkan verir.