Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2030-cu ilədək sosial xidmətlərdə aparıcı ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyub. Belə ki, “UNEC-100” İnkişaf strategiyasında bu istiqamətdə strateji məqsəd və hədəflər müəyyənləşdirilib. Hər il milli səviyyəli sosial məsuliyyətlilik layihəsi reallaşdırmaq, ömür boyu təhsil proqramı üzrə ən azı beş təhsil xidməti göstərmək, UNEC-də toplanan bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini, tələbələrin təşkilatlanmasını və sosial şəraitini, o cümlədən məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirmək bu istiqamətdə strateji hədəflər kimi təsbit olunub.

 

Strategiyaya əsasən, milli səviyyəli sosial məsuliyyətlilik layihələri cəmiyyətin elmi yanaşmaya və elmi inkişafa verdiyi dəyəri artırmağa, ekoloji şüurun inkişafına, aktual sosial problemlərin öyrənilməsi ilə bağlı tədqiqatların həyata keçirilməsinə yönələcək.

 

İnkişaf strategiyasında açıq tədris resurslarının formalaşdırılması, mühazirə və seminarların təşkili, onların internet üzərindən yayılması, UNEC ekspertlərinin media ilə əlaqə mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulub.

 

2030-cu ilə qədər UNEC ömür boyu təhsil proqramı üzrə ən azı beş təhsil xidməti göstərməyi də hədəfləyib. Bu istiqamətdə müxtəlif sosial problemlərlə bağlı maarifləndirmə proqramlarının, o cümlədən biznes dünyasına yönəlik qısamüddətli sertifikat proqramlarının və yaşlıların təhsilinə xidmət edən təhsil proqramlarının təşkil edilməsi planlaşdırılıb.

 

İnkişaf strategiyasına uyğun olaraq ixtisaslaşmış tələbə təşkilatlarının sayının artırılmasına, tələbə senatı və tələbə auditinin formalaşdırılmasına, tələbə-universitet-valideyn üçtərəfli əlaqə modelinin tətbiq edilməsinə xüsusi önəm veriləcək. Eyni zamanda, tələbələrin karyera quruculuğuna dəstək göstərilməsi, tələbələr arasında multikultural dəyərlərin yayılmasına xidmət edən tədbirlərin təşkili, sosial layihələrin sayının və çeşidliliyinin artırılaraq davamlılığının təmin edilməsi fəaliyyət istiqamətləri kimi sənəddə yer alıb.

 

Strategiyaya əsasən, Məzunlar Assosiasiyası və Məzun evlərinin yaradılması, fəxri məzunlarla sistemli əlaqə mexanizminin qurulması, onların əlamətdar tədbirlərə dəvət edilməsi və elektron məlumat bazalarının formalaşdırılması da həyata keçiriləcək.