Aprelin 12-də Sumqayıt şəhərinin 70 və Qızıl Aypara Cəmiyyətinin 100 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Universitetində (SDU) hemofiliyalı və talassemiyalı xəstələr üçün “Qan ver, yaşat" devizi altında qanvermə aksiyası keçirilib. Hər il gerçəkləşdirilən ənənəvi aksiya Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Aksiyanın məqsədi tələbələri donor olmağa sövq etmək, respublikanın qan bankına və talassemiyadan əziyyət çəkən xəstələrə yardım etməkdir.

 

SDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov bildirib ki, hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün universitetdə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Bu qəbildən olan xeyriyyəçilik fəaliyyəti gələcəkdə də davam etdiriləcək.

 

Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova isə humanitar aksiyanın məqsəd və əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülüb. Bu tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azalmasına nail olunub. M.Məhərrəmova belə xeyirxah, humanist təşəbbüslərə daim dəstək olduqlarına və aksiyanın keçirilməsinə şərait yaratdıqlarına görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Universitetin müəllim və tələbə heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin işçi heyəti, o cümlədən könüllüləri bu nəcib aksiyada fəal iştirak ediblər. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb.

 

500-dən çox müəllim, tələbə və könüllünün qatıldığı aksiyada yığılan qan Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Qan Bankına təqdim olunacaq.