Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib.


Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib.

 

Konfransda açılış nitqi ilə çıxış edən rektor, akademik Kamal Abdulla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. O bildirib ki, klassik ədəbiyyatın ən yaxşı ənənələrini inkişaf etdirən H.Cavid, həm də XX əsr Azərbaycan romantizminin banilərindən biri kimi tanınır. Sevgi, məhəbbət, gözəllik şairi olan Cavid lirik, lirik-epik əsərlərin, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.

 

K.Abdulla vurğulayıb ki, Hüseyn Cavid ədəbiyyatda böyük Azərbaycan şairi Məhəmməd Füzuli ənənələrinin, xəttinin davamçısıdır. Çoxcəhətli və zəngin yaradıcılığa malik Cavidin əsərlərini bu gün də Azərbaycan gəncliyi sevə-sevə oxuyur.

 

Diqqətə çatdırılıb ki, xalqımız tərəfindən böyük ədibin xatirəsi hər zaman əziz tutulub, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Cavidin nəşi uzaq Sibirdən Naxçıvana gətirilərək doğma torpaqda dəfn edilib. Bu, Ulu Öndərin Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına misilsiz xidməti idi. “Bu gün Hüseyn Cavid dedikdə, onun yalnız nakam həyatı deyil, zirvələrdən enməyən şair ruhunu da yad edirik. İnanıram ki, bu konfrans mütəxəssislər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”-, deyə rektor əlavə edib.

 

Konfransda İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani konfransın mövzusunun həm təmsil etdiyi ölkə, həm də qlobal mühitlə tarix, ədəbiyyat, mədəniyyət, siyasət və mənəvi dəyərlər baxımından yaxın olduğunu deyib. O, Hüseyn Cavid irsinin indiki və gələcək nəslə böyük təsir edəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik” mövzusunda çıxış edib. O bildirib ki, Cavidin mövzularının haradan qaynaqlanmasından asılı olmayaraq, əsas məsələ onun bəşəri ideyalara sadiq qalması və ən sərt həqiqətləri əks etdirməkdən çəkinməməsidir.

 

“Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva konfransın Hüseyn Cavid yaradıcılığına həsr olunmasını yüksək qiymətləndirib. O, “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir” mövzusunda məruzə ilə çıxış edib. Hüseyn Cavidin istedadı ilahi tərəfindən möhürlənmiş, yüksək təhsil almış şəxsiyyət olduğunu deyən S.Vəliyeva onun dünya ədəbiyyatı fonunda hər zaman öz portretini oxucularına göstərdiyini qeyd edib. “Cavid nə qədər bəşəridirsə, bir o qədər millidir, Cavid nə qədər tarixidirsə, bir o qədər də müasirdir”, - deyə S.Vəliyeva vurğulayıb.

 

Konfransda Fransanın Nim Universitetinin professoru Silvi Joseğam “Ədəbiyyat siyasi təhdiddirmi?”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir “Hüseyn Cavidin dram yaradıcılığında Abdülhak Hamidin təsiri”, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, Serbiyanın Belqrad Universitetinin dosenti Branko Vraneş “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında məruzə ilə çıxış ediblər.

 

Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristopher Martinez Berroteran Hüseyn Cavidin Azərbaycanda ədəbi adət-ənənələri inkişaf etdirən azərbaycanlı kimi XIX əsrin sonlarında və XX əsrin əvvələrində tarixdə iz qoymuş vətənin nümunəvi və layiqli nümayəndəsi olduğunu vurğulayıb. Venesuela şair və yazıçılarının adlarını çəkən K.M.Berroteran H.Cavid yaradıcılığını tanıyan və onun əsərlərindən ilham alan sənətkarların incəsənət və ədəbiyyat tarixinin bir hissəsini təşkil etdiyini diqqətə çatdırıb.

 

Norveç Krallığından Skandinaviyaşünas müəllim Raqnil Tori konfransın Azərbaycanın görkəmli şəxsiyyətinə həsr olunmasının təqdirəlayiq hal olduğunu deyib.

 

ADU-nun Elmi işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova konfransın ünvanına daxil olan təbrik məktublarını və bölmə iclasları haqqında məlumatı qonaqların diqqətinə çatdırıb.

 

Konfransda, həmçinin Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo və digər yerli və xarici qonaqlar iştirak ediblər.

 

Qeyd edək ki, Azərbaycan, türk, ingilis və rus dillərində keçirilən konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” adlı 3 bölmə üzrə aparılıb.