AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli dilçi alimi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin şəxsi kitab kolleksiyasının təqdimatını keçirib. Təqdimat mərasimində alimin müasirləri, tələbələri, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

 

MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşı Səda Əliyeva alimin şəxsi kitab kolleksiyası, həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuş Ə.Abdullayevin Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsər, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifi olduğu vurğulanıb.

 

Kolleksiyanın alimin qızı, filologiya elmləri doktoru, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Sənubər Abdullayeva tərəfindən MEK-ə təqdim olunduğunu diqqətə çatdıran S.Əliyeva, ümumilikdə burada 1250 nüsxə sənəd olduğunu deyib. Kolleksiyaya Ə.Abdullayevin müəllifi olduğu əsərlərlə yanaşı dilçilik elminin bütün bölmələrinə aid kitablar, müxtəlif dillərdə olan lüğətlər, ensiklopediyalar, tarixi kitablar, dahi yazarların əsərlərindən ibarət olan ədəbiyyatlar və digər sənədlər daxildir.

 

Təqdimatda alimin “Köməkçi nitq hissələri” metodik vəsaiti, “Müasir Azərbaycan dili, Sintaksis” dərsliyi, “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyası, “Dil, Siyasət, Sosial tərəqqi”, “Sintaksisin aktual məsələləri”, “Azərbaycan dili məsələləri” və s. bu kimi kitablarından bəhs olunub . Vurğulanıb ki, dil əlaqələri, əlifba problemi, Azərbaycan dilinin morfologiyası və sintaksisi ilə bağlı vacib məsələlərin əksini tapdığı kitablarda dilimizin ayrı-ayrı problemlərini əhatə edən araşdırmalar yer alır. Alimin Azərbaycan dilçiliyinin səviyyəsini əks etdirmək baxımından böyük əhəmiyyət kəsb edən bir sıra kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

 

Daha sonra alimin qardaşı, professor Əlikram Abdullayev, qızı Sənubər Abdullayeva, oğlu Tofiq Abdullayev, dilçi alimin tələbəsi olmuş BDU-nun dosenti İsmayıl Məmmədov, professorları Tofiq Hacıyev, Rəhilə Quliyeva, Fikrət Əlizadə və digərləri çıxış edərək, alimin həyatı və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər. Onu Azərbaycanda dilçilik sahəsində xüsusi söz sahibi olan, məktəb yaratmış görkəmli elm xadimi, dilçi alimlərin yetişməsində şəriksiz xidməti olmuş şəxsiyyət kimi xarakterizə ediblər.