Aprelin 16-da Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda Respublika Elmi konfransının açılış mərasimi  keçirilib.

 

Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin birgə təşkilatçılığı ilə təşkil olunub.

 

Konfrans öz işinə iştirakçıların Ulu öndər Heydər Əliyevin xatirəsinə AzTU-da ucaldılmış büstün önünə gül dəstələrinin qoyulması və Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Plenar iclası giriş sözü ilə açan AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov konfransın əhəmiyyəti barədə məlumat verib. O, ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyatın cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynadığını bildirib.

 

Konfransda iştirak edən DANX-ın rəisi Həbib Həsənov Azərbaycan nəqliyyat sisteminin son nailiyyətlərindən və aktual problemlərindən söz açıb.

 

Digər çıxış edənlər konfransın Azərbaycanın nəqliyyat sisteminin inkişaf perspektivlərini müəyyənləşdirmək və bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirmək baxımından önəmini qeyd ediblər.

 

Açlış mərasimində ictimai xadimlər, Azərbaycanın nəqliyyat, elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət orqanlarının, biznes strukturlarının, qeyri-hökümət təşkilatlarının, media nümayəndələri iştirak ediblər.

 

5 bölmə üzrə keçirilən konfrans, aprelin 17-də öz işini yekunlaşacdıracaq.