Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində (BDU) olub. Səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor Elçin Babayev BDU-nun təhsil, elm, innovasiya, sosial həyatı, beynəlxalq əlaqələri və yeni hədəfləri barədə məlumat verib. Rektor bu istiqamətlərdə Türkiyə universitetləri və digər qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib. 

 

Səfir E.Özoral universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb. Diplomat səfirliyin bütün bu məsələlərə dəstək göstərəcəyini fikirlərinə əlavə edib.  

 

Görüşdə Mövlanə mübadilə proqramı, ikili diplom, birgə proqram, qrant və startaplar, qarşılıqlı tanışlıq, təcrübə mübadiləsi, Türkiyə festivalının keçirilməsi kimi məsələlər də müzakirə edilib.