Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə və Kamilə Əliyeva Səbail rayonunda yerləşən 189-190 nömrəli tam orta məktəbdə olublar.

 

 Qeyd edək ki, tədbir Yeni Azərbaycan Partiyasının (YAP) və YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə keçirilib.

 

Deputatlar məktəbdə mövcud təlim-təhsil şəraiti və yaradılan mənəvi-psixoloji mühitlə tanış olub, sinif otaqlarını gəzib, müxtəlif yaş qrupundan olan şagirdlərlə fikir mübadiləsi aparıblar. Eyni zamanda, müəllim-şagird münasibətləri, tədrisin keyfiyyəti, şagirdlərə göstərilən psixoloji xidmət, tədris kurrikulumlarının müasir tələblərə uyğunluğu haqqında şagirdlərin fikirlərini öyrəniblər.

 

Millət vəkilləri şagirdlərə sosial şəbəkələrdən məqsədyönlü istifadə etmələri, cəmiyyətdə baş verən hadisələrə düzgün və düşünülmüş münasibət bildirmək bacarığına yiyələnmələri ilə bağlı tövsiyələr veriblər.

 

Görüşdə məktəblilərin ölkəmizdəki təhsil sistemi, gənclər siyasəti, sağlam həyat tərzinin təşkili və idmanla məşğul olan gənclərin dəstəklənməsi imkanları barədə sualları cavablandırılıb.

 

Daha sonra millət vəkilləri məktəbin psixoloqu, direktor müavinləri və müəllimləri ilə görüşərək, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin təşkili səviyyəsi ilə maraqlanıblar.

 

Rəşad ZİYADOV