Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan seminarlar davam edir.

 

Aprelin 16-da  Bakı şəhəri 20 nömrəli məktəb-liseydə keçirilən seminarda ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron “Mən öz gələcəyimi seçirəm” mövzusunda çıxış edib.

 

700-ə yaxın yuxarı sinif şagirdinin iştirakı ilə keçirilən seminarın əsas məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizənin aparılması və məktəblilərin antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır.

 

Seminarda videofilm nümayiş etdirilib, müzakirələr aparılıb, daha sonra xarici ekspert tərəfindən şagirdlərin sualları cavablandırılıb.

 

Seminarda Nazirlər Kabineti, Təhsil, Daxili İşlər, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Gömrük Komitəsinin ekspert və nümayəndələri də iştirak ediblər.

 

Qeyd edək ki, sözügedən seminarın aprel 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, aprelin 18-də isə Azərbaycan Texniki Universitetində keçirilməsi nəzərdə tutulur.