Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə görüşüb.

 

Zavodun direktoru Aqşin Paşayev təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. Hazırda ADNSU-nun 33 nəfər tələbəsinin zavodda istehsalat təcrübəsi keçdiyini deyən A.Paşayev onların hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Zavodda çalışan 158 nəfər ali təhsilli mütəxəssisdən 63-ü ADNSU məzunudur. Direktor müəssisədə ehtiyac duyulan ixtisaslı kadrların hazırlanmasında universitetin böyük rolunun olduğunu bildirib.

 

Rektor M.Babanlı tədbir iştirakçılarına universitetdə son dövrdə həyata keçirilən islahatlar haqqında məlumat verib. Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, qəbul prosesi, elektron təhsil sisteminin tətbiqi, ingilisdilli ixtisasların tədrisi və s. barədə danışan rektor ölkə üçün peşəkar mütəxəssislərin hazırlanması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Görüşdə tələbələrin buraxılış işi mövzularının müəssisə ilə uyğunluğu, universitetin gündəlik təcrübə proqramının Qaz Emalı Zavodunda tətbiqi və başqa məsələlər müzakirə olunub.

 

Daha sonra zavodda istehsalat təcrübəsinə cəlb olunan ADNSU tələbələri ilə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.