Gəncə Dövlət Universiteti (GDU) ilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında Uşaq Musiqi və İncəsənət Məktəblərində çalışan pedaqoji heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi, mədəniyyət sahəsində tələbələr arasında könüllülük fəaliyyətinin təşviqi, həmçinin birgə əməkdaşlığın əsas istiqamətlərini özündə əks etdirən Memorandum imzalanıb.

 

Tədbirdə GDU-nun professor-müəllim heyəti, ictimai fəal tələbələr və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbərliyi iştirak edib.

 

GDU-nun rektoru, professor Yusif Yusibov gələcək əməkdaşlığın üstünlüklərindən danışıb. O bildirib ki, hazırda respublikamızın Qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan GDU əsasən yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayan, 80 illik tarixə və zəngin ənənələrə malik elm-təhsil müəssisəsi olmaqla yanaşı, həm də böyük mədəni və intellektual mərkəzdir. Məhz universitetdə keçirilən kütləvi-mədəni tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan könüllü qış və yay məktəbləri, çoxsaylı festivallar, milli və beynəlxalq bayramlar, fləşmoblar, sərgilər, müsabiqələr, təqdimatlar, eləcə də digər maarifləndirici tədbirlər universiteti zəngin ənənəyə malik mədəni mərkəzə çevirib.

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev bildirib ki, memorandum daha çox fəal gənclərin yüksək ixtisaslı, peşəkar kadrlar kimi gələcəkdə mədəniyyət müəssisələrində fəaliyyətinə geniş imkanlar yaradacaq.

 

Qeyd edilib ki, ali məktəblə əməkdaşlığın əsas predmeti Uşaq Musiqi və İncəsənət Məktəblərinin müəllimləri üçün müxtəlif təlimlərin təşkili ilə yanaşı, müvafiq tədris proqramlarının hazırlanması və GDU tələbələri üçün təcrübə keçmələrinin təşkilindən ibarətdir. Gələcəkdə birgə əməkdaşlıq nəticəsində digər layihələrin reallaşdırılacağı da vurğulanıb.

 

Tədbirdə Elm və innovasiylar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Mərkəzin elmi katibi Cavid Əliyev, Gənc mədəniyyət işçiləri ilə iş şöbəsinin müdiri Ceyhun Əhmədov, İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə çıxış ediblər. Çıxışlarda  dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli və effektiv fəaliyyətindən, müasir çağırışlardan bəhs edilib.

 

Çıxışlardan sonra iki qurum arasında Memorandum imzalanıb.