Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin Virtual jurnalistika kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib.

 

Kafedranın müdiri Nərgiz Qurbanlı ümummilli liderimiz Heydər Əliyevin xatirəsini əziz tutmağın, onun fəaliyyəti ilə tələbələri yaxından tanış etməyin mənəvi borc olduğunu vurğulayıb. O, Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatı ilə təltif olunduğunu deyərək, həmin mərasimdə ulu öndərin etdiyi çıxışı xatırladıb. Heydər Əliyevin Azərbaycana qayıdışından sonra ölkə mətbuatında yeni səhifənin açıldığını deyən kafedra müdiri 1998-ci ildə senzuranın ləğv olunmasını və azad mətbuatın inkişafı üçün atılan digər addımları diqqətə şatdırıb. N.Qurbanlı ümummilli liderimizin jurnalistlərlə səmimi münasibətindən də söz açıb.

 

Tədbirdə Heydər Əliyevin jurnalistlərlə münasibətini əks etdirən videoçarx nümayiş olunub.

 

Daha sonra jurnalistika ixtisasında təhsil alan tələbələrin, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və əməkdar jurnalist, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran ilə müsahibələrinin video-görüntüləri təqdim edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ulu öndər Heydər Əliyevin fəaliyyətindən keçən qızıl xətlərdən birinin də onun milli mətbuata, jurnalistikaya verdiyi qiymət olduğunu diqqətə çatdırıb. O, ulu öndərin bu sahənin inkişafı istiqamətində xidmətlərindən bəhs edib.

 

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Heydər Əliyevin Azərbaycan elminin, ədəbiyyatının, dilçiliyinin, mətbuatının inkişafındakı misilsiz xidmətlərindən danışıb, müasir jurnalistikanın qarşısında duran vacib məsələlərə toxunub.

 

Sonda tələbələrin sualları cavablandırılıb.