Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Yeni texnologiyalar və tədris prosesinin idarə olunması” Magistrantların II Respublika elmi konfransı öz işinə başlayıb.

 

Konfrans Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsis edilmiş “Elm günü”nə həsr olunub.

 

Konfransı giriş sözü ilə açan rektor Cəfər  Cəfərov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi  və elmi-mədəni həyatında böyük keyfiyyət dəyişiklikləri baş verib. Təhsil sahəsi də sürətli inkişaf yoluna qədəm qoyub. “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir” deyən umummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin qanunvericilik bazası təkmilləşdirilib, normativ-hüquqi sənədləri hazırlanıb, maddi-texniki baza gücləndirilib, təhsilin keyfiyyəti yüksəlib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir.

 

Rrektor bildirib ki, ölkəmizin böyük iqtisadi potensialı elm və təhsilin inkişafında mühüm rol oynayır. Aparılan islahatlar, həyata keçirilən yeniliklər, layihələr ADPU-nun da yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. 2021-ci ildə ADPU-nun yaradılmasının 100 ili tamam olur. “Biz əldə edilmiş uğurlarla kifayətlənməməli, fəaliyyətimizi müasir dünyanın çağırışlarına uyğun qurmalıyıq. Bu baxımdan magistrantlarımızın üzərinə böyük məsuliyyət düşür”- deyən C. Cəfərov əlavə edib ki, hazırda ADPU-da 17 ixtisas, 18 ixtisaslaşma üzrə 707 nəfər magistr təhsili alır. Bugünkü konfransda Bakı Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Odlar Yurdu Universitetinin və digər universitetlərin magistrantları iştirak edirlər. Konfransa 503 nəfər magistrant məqalə təqdim edib. Bu, ötən illə müqayisədə 2 dəfə çoxdur.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxışında qeyd edib son illər ADPU-da elmi-tədqiqat işlərin səviyyəsi yüksəlib, professor-müəllim heyətinin impakt-faktorlu jurnallarda dərc edilən elmi məqalələrinin sayı artıb. Universitetdə elmi fəaliyyətin biznes tərəfinə də ciddi diqqət yetirilir. ADPU  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5 qrant layihəsini qazanıb. Eyni zamanda, gənclərin elmi fəaliyyətə cəlb edilmələrinə xüsusi önəm verilir. A. Zamanov çıxışında ADPU-da keçirilən elmi tədbirlər barədə də geniş məlumat verib.

 

 

Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, profesor Aydın Kazımzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm və texnika işləri üzrə prorektoru, dosent Rauf Əliyarov çıxış ediblər. Bildirilib ki, ADPU ölkəmizin taleyində böyük rol oynayır. Xalqın, millətin varlığı auditoriyalardan, müəllimlərdən başlayır. Bu mənada müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Gənclərimiz ənənəvi və yeni dəyərləri dərindən mənimsəməli, yüksək səviyyəli mütəxəssis kimi yetişməlidirlər.

 

Konfransda magistrant Abdulxaliq Məmmədli “Məktəb idarəçiliyində sistem liderliyi” mövzusunda, magistrant Aysel Cəlallı “Riyaziyyat dərslərində əyləncəli və maraqlı çalışmalar vasitəsilə şagirdlərin idraki maraqlarının formalaşdırılması yolları” mövzusunda çıxışlar ediblər.

 

Sonra konfrans öz işini 4 elmi bölmədə (İnnovasiyalar və təhsilin keyfiyyəti, Təhsilin təşkili və idarə edilməsi, Təhsildə sosial-psixoloji problemlər və Tədrisin müasir problemləri) davam etdirib. Bölmə iclaslarında məruzələr müzakirə edilib, fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

 

Qeyd edək ki, 2 gün davam edəcək konfrans aprelin 19-da başa çatacaq. Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.