Əməkdar jurnalist Yusif Əliyevin əziz xatirəsinə


Məhsuldar fəaliyyəti, yaradıcı təfəkkürü, işgüzar psixologiyası olan əməkdar jurnalist, mükəmməl zəkaya malik həssas və qədirbilən insan kimi tanıdığımız Yusif Həsənalı oğlu Əliyevin amansız ölümü 68 illik həyatına qəfil-bilməzcə son qoydu.

 

Bu xəbər onu tanıyan dostları, həmkarları tərəfindən çox ağır, bəd bir xəbər kimi qarşılandı. Şəxsən mənimlə də olan xoş ünsiyyətləri, səmimi ülfətini çoxları bilirdi.

 

O, mətin və qürurlu insan olaraq həyat dastanına 68 illik ömür astanasında son qoydu. Bu acı xəbər sorağını eşidən, bilən hər kəs aram vermədən mənim əlaqə telefonlarıma müraciət edərək onun ölüm xəbəri ilə heç vəchlə razılaşa bilmədiklərini bəyan edir, ağır-səngil başsağlığı ilə sanki özlərinə təsəlli vermiş olurdular. Qəfil ölüm girdabına tuş gəlmiş Yusif müəllimin həyat və yaradıcı dünyası haqqında vaxtilə yubiley mərasimlərində fəxarətli söz desəm də, ömür-gün yolu, həyat salnaməsi barədə dövri və pedaqoji mətbuatda “məqalələr çələngi” hörsəm də, bu ömür sahibinin nisgilli günündə, reanimasiyada olduğu məqamda da onun ovqatının necəliyi ilə, səhhətindəki ciddi vəziyyətin düzələcəyinə özümdə tam əminlik hissi yaradan motivlərlə ona baş çəkməyi qərara aldım.

 

Həkim oğlu Ülvinin, iqtisadçı-mühasib qardaşı Ələkbərin müşayiəti ilə onunla görüşmək, hal-əhval tutmaq istədim, lakin, klinik məkanda  qoyulan sərt tələblər baryerini pozmağa da cürət etmədiyim üçün onunla görüşə bilmədim... Ertəsi gün isə bu acı, sarsıdıcı xəbəri özüm başqalarına çatdırmalı oldum...

 

Yusif müəllim xalqına, millətinə yararlı övlad idi. O, həm də müəllim-ustad pedaqoq idi. Əmək fəaliyyətinin gənclik illərini bu müqəddəs sənət işığında şam kimi əritmişdi. O, böyüyən nəslin savad, təhsil yolunda fədai bir ömür həsr etmişdi.

 

Həyat dolaylarından çox mətinlik mübarizəsi ilə çıxan Yusif müəllim sonradan jurnalistlik peşəsinə şövq verərək bu amal və məqsəd yolunda da ali təhsilli kadr kimi həyat vəsiqəsi almış, jurnalist qələmini özünə çıraq tutmuşdu.

 

O, peşəkar jurnalist idi. Sözün əsl mənasında bu, belə idi. Yaradıcı jurnalist təxəyyülünə, qanunauyğunluqlarına istinad ediləsi bütün məziyyətlər onun sənət-peşə fəaliyyətinin  əsas canı idi.

 

Çalışdığı “Azərbaycan məktəbi” jurnalı  redaksiyasında, “Azərbaycan müəllimi” qəzeti kollektivində onun son dərəcə müstəsna ustad keyfiyyətləri həmkarları tərəfindən daima dəyərləndirilərək, örnəklik nümunəsinə çevrilirdi.

 

Xüsusən, pedaqoji jurnalistika sahəsində məhsuldar şücaətli əməyi geniş oxucu kütləsi tərəfindən də həmişə layiqli səviyyədə qiymətləndirilərdi.

 

O, jurnalistikanı həyatının məramı, ideal bir dünya sanırdı.

 

Elə bu məqsədlə də qələminin qüdrətini ümumxalq və ümumdövlət səviyyəli həm rəsmi müşavirələrdən, həm də geniş auditoriyalarda keçirilən tədbirlər haqqında reportajlar, disskussiyalar, informativ modern yeniliklərdən xülasələr hazırlığında gərgin əmək, intensiv fəaliyyətlə tamamlayırdı.

 

Yusif müəllimin yaradıcı təşnəsi həm də insani keyfiyyətlər zənginliyi ilə başqalarından fərqlənirdi. O, əməkdaşı olduğu bütün istehsalat  kollektivlərində özünə xas səbr, təmkin, erudisiya və güclü intellektual yanaşma tərzi ilə ətrafındakılara fədakarlıq nümunəsi göstərirdi.

 

Xalqımız, dövlətimiz bu zəhmətkeş yaradıcı ömür sahibinin əməyinə, fəaliyyətinə çox həssaslıqla yanaşmış, ona “Əməkdar jurnalist”  fəxri adını verməklə, bir daha sənət-peşə uğurlarına çıraq tutmuşdur.

 

Dövlətimiz onun ev-mənzil şəraitini yaxşılaşdırmaq üçün öz qayğısını əsirgəməmişdir.

 

Bu gün nüfuzlu jurnalist, örnək insan kimi xatirələrə  çevrilən bu yaradıcı ömür sahibinin həyat məramında çox keyfiyyətlər yada salınır, onun keçmiş olduğu ömür yolu ağızlardan düşmür.

 

Xalqına, vətəninə halallıq zəminindən, dərin rişələrlə bağlanan Yusif Əliyevin aramızdan vaxtsız getməsi bizi nə qədər məyus notlara kökləsə də, onun gənc nəslə örnək olası həyat bioqrafiyası hələ bundan sonra da xatırlanacaq, neçə-neçə insanların yaradıcı ömrünə işıq və nur töhfəsi bəxş edəcəkdir.

 

Məzarın nurla dolsun, əziz qardaşım, Yusif! İşlədiyin kollektivə, ailənə bir daha dərin hüznlə başsağlığı verirəm.

 

 

Vidadi BƏŞİROV,

Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru