UNEC-də dünya maliyyə brendi Citigroupun tərkibinə daxil olan Citibankın Yaxın Şərq və Afrika, RF, Ukrayna, Qazaxıstan, İsrail və Türkiyə üzrə Qiymətli kağızlarla iş bölməsinin rəhbəri Günsel Topbaşın qiymətli kağızlar bazarı haqqında təqdimatı keçirilib. Bakı Fond Birjası ilə imzalanmış memoranduma əsasən keçirilmiş təqdimatda G.Topbaş tələbələrə qiymətli kagızların növləri, xüsusiyyətləri, müxtəlif regionlarda və ölkələrdə fond bazarının durumu və tendensiyaları haqqında fərqli formatda məlumat verib. Bakı Fond Birjasının təşkilatçılığı ilə Bakıda işgüzar səfərdə olan G.Topbaşın  UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin Maliyyə ixtisasında təhsil alan tələbələri üçün keçirdiyi master klassda dünya fond bazarının meylləri, müasir qiymətli kağızlar bazarında investisiya əməliyyatlarının sxemləri əyani şəkildə nümayiş etdirilib. 

 

Dünya fond bazarının əsas tədbirlərində, konfranslarda mütəmadi olaraq çıxış edən G.Topbaş Azərbaycan fond bazarının inkişaf pespektivlərinə toxunaraq, həyata keçirilməsi zəruri olan işlər barədə məlumat verib.