Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan İlahiyyat İnstitutu arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb.

 

Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması,birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulur. Həmçinin, bağlanmış protokola əsasən, elmi konfransların təşkili, elmi araşdırmaların aparılması, təlim kurslarının və seminarların keçirilməsi məqsədilə institut və universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi,ali təhsil müəssisəsində təhsilalanların elmi rəhbərlik, araşdırma işlərinin yerinə yetirilməsi üçün ədəbiyyat və kitabxana materialları ilə təmin edilməsi üzrə əməkdaşlıq planlaşdırılır.

 

İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ölkənin digər təhsil müəssisələri ilə əlaqələrin qurulmasına və təcrübə mübadiləsinin aparılmasına xüsusi önəm verdiklərini qeyd edib. O, rəhbəri olduğu ali təhsil müəssisəsinin xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

 

LDU-nun rektor vəzifəsini icra edən professor Natiq İbrahimov isə LDU-da təhsilin yenilənməsi istiqamətində aparılan çoxşaxəli fəaliyyətləri  barədə ətraflı  məlumat verib, son illər ölkəmizdə elm və təhsilin inkişafı sahəsində aparılan islahatların təqdirəlayiq olduğunu vurğulayıb. O, İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını və qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə  hazır olduqlarını qeyd edib.