Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Destec Group” MMC-nin nəzdində “Logix Academy”də təlim keçən İqtisadiyyat və Menecment fakültəsinin (İMF) tələbələri ilə görüş keçirilib.

 

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı son illərdə universitetdə həyata keçirilən islahatlar barədə məlumat verib, əsas məqsədin ölkə üçün keyfiyyətli mütəxəssis yetişdirmək olduğunu qeyd edib. Universitetin “Dəvətli professor” layihəsinin əhəmiyyətindən danışan rektor bildirib ki, istehsalat müəssisələrində çalışan peşəkar mütəxəssisin tələbələrlə ünsiyyətdə olması, öz təcrübələrini bölüşməsi gənclərin praktiki biliklərinin artırılması üçün çox vacibdir.

 

Tədbirdə M.Babanlı “Destec Group” MMC-nin direktoru Mürşüd Həmidova “Təşəkkür plaketi” təqdim edib.

 

M.Həmidov ADNSU ilə “Destec Group” arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyinə inandığını bildirib. ADNSU tələbələrinin həmişə yüksək hazırlığı ilə seçildiyini qeyd edən M.Həmidov bu tədris ilində şirkətdə istehsalat təcrübəsinə cəlb olunan 25 nəfər tələbədən 12-nin artıq işlə təmin olunduğunu diqqətə çatdırıb.

 

Tədbirin sonunda “Logix Academy”də təlim keçən tələbələrə seritikatlar təqdim olunub.

 

Qeyd edək ki, ADNSU-nun iqtisadiyyat üzrə təhsil alan bir qrup tələbəsi “Destec Group” MMC-nin nəzdində “Logix Academy”də 5 həftəlik praktiki dərslərdə iştirak edib. Aprelin 16-da təlimin yekun qiymətləndirilməsi və tələbələrin sertifikatlaşdırılması məqsədilə imtahan keçirilib.