Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı” keçirilib.

 

Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, əklil və tər çiçək dəstələri düzüblər.

 

Gənc tədqiqatçılar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.

 


Daha sonra BMU-nun akt zalında baş tutan konfransda universitetin rektoru, professor Havar Məmmədov Ulu Öndərin Azərbaycan dövlətinə və xalqına olan xidmətlərindən danışıb. O bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman gənclərin dünyagörüşlü, elmli yetişməsinə önəm verib. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın öndə gələn universitetlərində təhsil almaları üçün göndərirdi. Bu gün də bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində beynəlxalq tədbirlərdə uğurla təmsil olunur.

 

Konfransda Kanadanın Reyson Universitetinin professoru Ziad Saghir, Bakı Dövlət Universitetinin prorektoru, professor Aydın Kazımzadə, Azərbaycan Texniki Universitetinin prorektoru, professor İsa Xəlilov və AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin  və prezident İlham Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışılıb.    

 

Konfrans daha sonra plenar iclaslarla öz işinə davam edib.

 

Qeyd edək ki, konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq və gənclərin elmə olan marağını artırmaqdır. Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransına yerli tədqiqatçılarla yanaşı, Türkiyə, İtaliya, Rusiya, Kanada kimi onlarla xarici ölkədən 750 elmi məqalə qəbul edilib, onlardan 520-si konfransın tələblərinə uyğun olaraq seçilmiş, humanitar və dəqiq elmlər olmaqla iki cilddə çap olunub.