Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının  təşkilatçığı ilə universitetin Heydər Əliyev Məktəbinin lektoriyasında mühacir ədəbiyyatımızın görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib.

 

Seminarda ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Elm və İnnovasiyalar Şöbəsinin rəhbəri, dosent Yusif Alıyev, Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov, universitetin Tələbə Gənclər Təşkilatının sədr əvəzedicisi Nurlan Hüseynov, bu layihənin rəhbəri Taleh Mirzəyev və tələbələr iştirak ediblər.

 

Seminarda gənc araşdırmaçı-jurnalist, “Çapar” dərgisinin baş redaktoru, Dilqəm Əhməd görkəmli ədibin həyat və fəaliyyəti, bir alim, hüquqşünas, millət fədaisi, Cümhuriyyət, Osmanlı və Türkiyə parlamentinin deputatı kimi fərqli mühitlər çərçivəsində həmişə türk birliyi və müstəqilliyini müdafiə etməsi, siyasi-ideoloji fikir meydanındakı cəsarətli mövqeyindən söz açıb.

 

Tədbir çərçivəsində görkəmli ədibin 150 illiyi münasibətilə Dilqəm Əhməd tərəfindən tərtib edilən  və içərisində Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər və sənədlərin, həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubun da yer aldığı “Şuşa, Peterburq və Paris xatirələri” kitabı haqqında məlumat verilib.

 

Sonra tələbələrin sualları və fikirləri əsasında müzakirələr qarşılıqlı diskussiya formasında davam etdirilib.

 

Dosentlər  Yusif Alıyev və  Ənvər İmanov da Əhməd bəy Ağaoğlu haqqında öz təəssüratlarını bölüşərək tələbələr tərəfindən belə elmi yığıncaqların təşkil olunmasının təqdirəlayiq olduğunu qeyd ediblər.