Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib. Əvvəlcə ADU rəhbərliyi və konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, universitetdəki büstü önünə tər-çiçəklər qoyublar. Daha sonra konfrans iştirakçıları universitetdəki yeniliklərlə, strukturla tanış olublar. Konfransda Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib, ADU-nun fəaliyyətini və uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla məzunları universitetdə görməkdən məmnunlugunu bildirərək Dillər Universitetinin onlar üçün doğma ocaq oldugunu vurgulayıb: “Universitetin məzunları arasında regionların müxtəlif yerlərindən gələn məktəb müəllimlərimiz, yüksək mövqe tutan insanlar var. Burada Azərbaycan ziyalılarının yüksək təbəqələrindən olan məzunları görürəm. Milli Məclisin, Azərbaycan hökumətinin üzvlərini, nazirləri, ömürlərini Azərbaycan diplomatiyasına həsr etmiş insanları, mədəniyyət xadimlərini salamlayıram. Biz onlarla fəxr edirik. Siz oxuduğunuz vaxtdan Dillər Universiteti xeyli dəyişib. Bu, dəyişiklik üzü müsbətə doğrudur. Ulu öndər Heydər Əliyevin hakimiyyəti zamanı və ondan sonra da bu siyasəti ləyaqətlə davam etdirən Prezidentimiz İlham Əliyevin birbaşa müdaxiləsi və səyi nəticəsində Azərbaycan təhsil sistemi kökündən dəyişib və sürətlə inkişaf ritminə düşüb. Bu gün həmin Dillər Universiteti mənən yenilənmiş təhsil sisteminin bir halqası kimi bütün cəmiyyətimizin diqqət mərkəzindədir. Rektor Məzunlar Assosiasiyasının təsis olunması münasibətilə bu təhsil ocağının məzunu olmuş Baş nazir Novruz Məmmədovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

ADU-nun məzunu olmuş mədəniyyət naziri Əbülfəs Qarayev assosiasiyanın yaradılmasını məntiqli, düzgün və uzaqgörən qərar kimi dəyərləndirib.

 

Sabiq xarici işlər naziri Hüseynağa Sadıqov assosiasiyanın çox önəmli işlər görə biləcəyini söyləyib.Tədbirdə Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sevinc Fətəliyeva, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, AzTv-nin əməkdaşı Dilarə Səlim, Bruklin Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim-Rozental, ADU-nun professorları Məsməxanım Qazıyeva, Sərxan Abdullayev çıxış edərək yenidən universitetdə toplaşaraq tələbə yoldaşları, müəllimləri ilə görüşdən böyük sevinc hissi yaşadıqlarını bildiriblər. Çıxışçılar assosiasiyanın təsis olunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd Novruz Aslanov adına orta məktəbdə pedaqoji təcrübə keçmiş ADU-nun tələbəsi Aysel Səlimanova rektor Kamal Abdullanın  təşəbbüsü ilə keçən tədris ilindən başlayaraq universitetin bir qrup tələbələrinin pedaqoji təcrübə keçmək üçün ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən məcburi köçkün məktəblərinə göndərilməsi ilə bağlı layihədən danışıb. Tələbə pedaqoji təcrübə dövründə qazandığı təcrübələrini və xoş təəssüratlarını paylaşıb.

 

Daha sonra assosiasiyanın idarə heyətinin üzvlərinin seçim prosesi səsvermə yolu ilə aparılıb. Hüseynağa Sadıqov assosiasiyanın sədri seçilib.

 

Tədbir bədii hissə ilə davam edib. ADU-nun tələbələri Şahverən Babayev “Ey vətən” və “Dədə Qorqud”, Sabir Qasımov isə italyan mahnılarını oxuyublar, həmçinin Çin rəqsi də nümayiş olunub.