Mayın 2-də Sumqayıt  Dövlət Universitetində Həmid Araslının  110 illik yubileyinə həsr olunmuş “Ədəbi fikir sarvanı “adlı tədbir keçrildi.

 

Tədbiri rektor professor Elxan Hüseynov açaraq böyük ədibin həyat və fəaliyyətindən bəhs etdi. Bildirdi ki, Qədim Gəncə torpağı Azərbaycan elminə və mədəniyyətinə, ədəbiyyat və incəsənətinə bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu gün 110 illik yubileyini yüksək qürur hissi ilə qeyd etdiyimiz akademik Həmid Araslı da belə şəxsiyyətlərdən biridir. Həmid Araslı Azərbaycan ədəbiyyatşünaslığında Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Saib Təbrizi, Mirzə Fətəli Axundov və digər görkəmli klassiklərin tədqiqatçısı kimi tanınmışdır. O, Azərbaycan və Özbəkistanın Əməkdar elm xadimi adına layiq görülmüş, bir çox orden və medallarla təltif olunmuşdur.

 

Rektor onu da qeyd etdi ki,Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və iradəsi sayəsində İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsində aktiv iştirak edən, bu yubileyə öz töhfəsini verən alimlərdən biri də Həmid Araslı olmuşdur. Onun “İmadəddin Nəsimi” monoqrafiyası yalnız Azərbaycan dilində deyil, türk, ərəb, fars, rus, ingilis və fransız dillərində 16000 tirajla nəşr olunmuşdur. 6 dildə çap edilmiş bu kitabın belə yüksək tirajla işıq üzü görməsində Ulu öndərin böyük xidməti xüsusi qeyd edilməlidir. Çünki o dövrdə bəzi qüvvələr həm Azərbaycanda, həm də Moskvada bu yubileyin keçirilməsinə, Nəsiminin əsərlərinin dünyada yayılmasına mane olmaq istəyirdilər. Lakin Heydər Əliyevin qətiyyəti və əzmkarlığı qarşısında bu qara qüvvələr geri çəkilməyə məcbur oldular.Dövlətimizin başçısı İlham Əliyev tərəfindən  2019-cu ilin “Nəsimi ili” elan edilməsi Ulu öndərin ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi qayğının ləyaqətlə davam etdirildiyinin parlaq nümunəsidir. Xalqımızın möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud”un ilk dəfə çap olunması da Həmid Araslının xalqımız qarşısında göstərdiyi fədakarlıq kimi qiymətləndirilir .Qeyd olundu ki,Həmid Araslı uzun illər indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatından mühazirələr oxumuş, 20 ilə yaxın bu universitetdə kafedra müdiri işləmişdir. Onun ali və orta məktəblər üçün yazdığı dərsliklər uzun illər kütləvi tirajla nəşr edilmişdir.Həmid Araslı səmərəli elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yüksək təşkilatçı olmuşdur. O, müxtəlif illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, akademiyanın Yaxın və Orta Şərq xalqları İnstitutunun direktoru vəzifələrində işləmişdir.Kənd müəllimliyindən akademikliyədək şərəfli bir ömür yolu keçən Həmid Araslının xatirəsi həmişə əziz tutulur. Universitetimizdə keçirilən bu tədbir professor-müəllim və tələbə kollektivinin görkəmli alimin işıqlı xatirəsinə sevgisinin, hörmət və ehtiramının ifadəsidir.

 

Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “Həmid Araslı xatirələrdə”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Həmid Araslı və Azərbaycan folkloru”, professor Rafiq Yusifoğlu “Məhəmməd Füzuli Həmid Araslının tədqiqatlarında” həmin kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Rövşən Məmmədov “Klassik ədəbiyyatımızın klassik tədqiqatçısı”mövzularında məruzə ilə çıxış etdilər.

 

Sonda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, professor, AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxış edərək atasının 110 illiyinin qeyd edilməsinə görə ölkə başçısına və universitetin rəhbərliyinə minnətdarlığını bildirdi.