Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu  ilə görüşüb.

 

Nazir müavini veteranlarımızın bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəmədiklərini  yüksək dəyərləndirib.

 

Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

 

Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov və digər qonaqlar ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçiliyə, Ali Baş Komandana həmişə sadiq olan müharibə veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən, Böyük Vətən müharibəsində tarixi Qələbənin 74-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərdən söz açıblar.

 

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova, İsmayıl Fərəcov, Damət Nəbiyev, Ulduz Kəngərli çıxış edərək göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, işğal altındakı torpaqlarımızın azad olunacağına və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını bildiriblər.

 

Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna mükafatlar təqdim edildikdən sonra  xatirə şəkli çəkdirilib.

 

               

Sifai SƏFƏROVA