Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar gün Azərbaycanda da geniş miqyasda qeyd edilir, günün mövzusu çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir.

 

Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək. Qurumun Mətbuat xidmətindən bildirilib ki, məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanı yaratmaqdır.

 

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın zəngin mədəni irsi və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

 

Muzey saat 11:00-dan 17:00-dək fəaliyyət göstərəcək.