Mayın 24-də Təhsil naziri Ceyhun Bayramov Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa və Qazax rayon sakinlərini qəbul edib.

 

Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

 

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması və digər bu kimi məsələlərlə bağlı olub.

 

Təhsil naziri Ceyhun Bayramov həmçinin Tovuz rayonunda yerləşən Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli  Gimnaziyada olub. Təhsil naziri təhsil müəssisəsinin tədris və şagirdlərin yaşayış şəraiti ilə tanış olub, sinif otaqlarını gəzib, şagird və müəllimlərlə söhbət edib.

 

Sonra müəllim və şagird kollektivi ilə birgə xatirə fotosu çəkilib.

 

Həmin gün Təhsil nazirinin müavini Firudin Qurbanov da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.