Milyarder 400 tələbənin təhsil borcunu ödədi


ABŞ-ın ən zəngin afroamerikalı milyarderi Robert Smit məzun günü tələbələri sevindirib.  O, təhsil haqlarını ödəyə bilməyən 400 tələbənin bankdan aldığı kredit borclarını ödəyib.  İnvestor  Atlanta ştatında yerləşən Morxauz Kollecində keçirilən məzun günündə təntənəli çıxış edib,  daha sonra isə tələbələrə şok yaşadan qərarını açıqlayıb. ABŞ-ın "CNN" nəşrinin məlumatına əsasən, 155 yaşlı Morxauz Kolleci  ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir,  onun  məzunları arasında Martin Lüter Kinq kimi məşhurlar var.

 

Amerikada ali təhsil almaq dəbdir.  Gənclər ali təhsil almaq üçün banklardan böyük  miqdarda kredit götürür. Bu il onların sayı   44 milyonu keçib. Onların banklara olan ümumi borcu 1,5 trilyon dollara çatıb.

 

Robert Smit  proqram təminatı və texnologiyaları ilə məşğul olan şirkətlərə sərmayə qoyur.   Onun bu məqsədlə ayırdığı kapitalın həcmi  46 milyard dollar təşkil edir.

 

2016 -cı ildə Kornel Universiteti  investordan aldığı 50 milyon dollar müqabilində özünün kimya və biomolekulyar mühəndislik məktəbinə R.Smitin adını verib.  Həmçinin R.Smit müntəzəm surətdə xərçəng və incəsənət sahəsində tədqiqatlara da milyonlarla dollar vəsait xərcləyir.

                                                

Oruc MUSTAFAYEV