Lənkəran rayonunun şəhid Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbində Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələ üzvləri ilə görüş keçirilib.

 

Tədbir “Yayım” Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

 

Tədbirdən öncə şəhid Ədalət  Hüseynovun məktəbin foyesindəki  büstünün önünə tər çiçəklər düzülüb.

 

Məktəbin direktoru Əliniyaz Ağayev iştirakçıları salamlayaraq, təşkilatçılara təşəkkürünü bildirib.

 

“Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov icra olunan layihənin əhəmiyyəti və məqsədi barədə məlumat verərək görüşdə iştirak edən Qarabağ qazilərini iştirakçılara təqdim edib. 

 

Qarabağ veretanlarından Malik Əhədov, Zəki Əhədli, İlkin Əkbərov və digərləri çıxışlarında müharibə xatirələrindən danışaraq gənclərə tövsiyələrini veriblər.  

 

Daha sonra Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Cəmil Axundzadə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədr müavini, yazıçı-publisist Ağamir Cavadov çıxış edərək gəncləri Vətəni sevməyə, onun uğrunda mübarizəyə həmişə hazır olmağa çağırıblar.

 

Sonda məktəblilərin ifasında vətənpərvərlik mözusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Görüşdə iştirakçılara vətənpərvərlik ruhunda qələmə alınmış 100-ə yaxın bədii –publisistik kitab, dəftərçə, qələm hədiyyə edilib.