Türkiyənin Dokuz Eylül Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Universitetin rektoru professor Nükhet Hotarın rəhbərlik etdiyi heyətin tərkibinə universitetin Təhsil  mərkəzinin müdiri, İqtisadi və  idari bilimler fakültəsindən professor Asuman Atalay, Beynəlxalq əlaqələr koordinatoru professor Levent Çavaş və Rus dili və ədəbiyyatı kafedrasının müdiri, Dil ve konuşma terapistliği bölüm başkanı professor Gülmira Kuruoğlu daxildir.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Türkiyə universitetləri ilə AzMİU arasında sıx əlaqələrin qurulduğunu deyən rektor Dokuz Eylül Universiteti ilə də əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. O, rəhbərlik etdiyi universitet, onun tarixi, fakültə və ixtisasları barədə qonaqlara geniş məlumat verib.

 

Rektorun çıxışından sonra Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev prezentasiya ilə çıxış edib, universiteti qonaqlara vizual tanıdıb.

 

Görüşdə Dokuz Eylül Universitetinin rektoru, professor Nükhet Hotar təməli bu gün qoyulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzulayıb. Rəhbərlik etdiyi universitet barədə məlumat verən xanım rektor  bildirib ki, Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universiteti 1982-ci ildə qurulub, hazırda universitetdə 81 mindən çox tələbə oxuyur. Universitetdə təhsil türk və ingilis dillərindədir, 10 institutu, 17 fakültəsi, 3 yüksəkokulu, 1 konservatoriyası, 6 məslək yüksəkokulu, 1 Tətbiqi və Araşdırma Xəstəxanası və 60 Tətbiqi Araşdırma Mərkəzi var. Rektorun geniş  çıxışından sonra qonaqlar da təmsil etdikləri universitet barədə hazırlanmış videonu təqdim edib.

 

Görüşün sonunda tərəflər arasında Əməkdaşlıq müqaviləsi imzalanıb.