Gəncə Dövlət Universitetində (GDU) 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb. 

 

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bununla əlaqədar rektor, professor Yusif Yusibovun rəhbərliyi ilə yığıncaq keçirilib, əvvəlcədən hazırlıq işləri görülüb və müvafiq əmr imzalanıb.

 

Əmrə əsasən, nəzarət komissiyası formalaşıb, nəzarətçi qrupların bölgüsü aparılıb, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb.

 

Həmçinin, 2018-2019 tədris ilinin yaz semestri imtahanlarında tələbələr üçün bir neçə güzəşt tətbiq edilib. Belə ki, bu semestrdən etibarən imtahanların sualları tələbələrə test formasında, cavabları ilə birgə verilib. Azkreditli fənlər üçün “bunker” sualları ləğv olunub. İmtahanların şifahi forması isə ləğv edilib. Alt qrup tələbələri üçün yaz semestri imtahanlarında biliyin qiymətləndirilməsində tətbiq edilməsi mümkün olan əsaslı güzəştlər həyata keçirilir.

 

İyun ayının 3-dən başlanan imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyət nümayəndələrinin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah yaradılıb.

 

Qərargahın nəzdində fəaliyyət göstərən “Qaynar xətt”ə daxil olan müraciətlər dərhal araşdırılır. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib. Valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradılıb.

 

İmtahanların gedişinə nəzarət etmək məqsədilə komissiya üzvləri mütəmadi olaraq imtahan auditoriyalarına gedir, tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı problemin olub-olmaması ilə maraqlanırlar.

 

Qeyd edək ki, yaz semestrində 5000-ə yaxın tələbə iştirak edir. Tələbələr təhsilin hər iki səviyyəsi üzrə 95 ixtisas üzrə imtahan verirlər. Semestr ərzində tələbələrin 5-6 imtahan verməsi nəzərdə tutulur. İmtahan başa çatan gün onun nəticələri açıqlanır. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin olunur.

 

Sessiya iyulun 5-dək davam edəcək.