"ASAN həyat" KinoKlubun “CinemaPlus Quba” kinoteatrında Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilmiş ucqar kənddə çalışan gəncdən bəhs edən "Sərhədlərin fövqündə" sənədli filminin təqdimat mərasimi keçirilib.

 

Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil şöbəsinin dəstəyi ilə ərsəyə gələn sənədli filmdə Qubanın V.Məmmədsalahov adına Cimi kənd tam orta məktəbində Rus dili müəllimi kimi çalışan Ağaəmi İslamovun Bakıdan gedərək ucqar kənddə çalışması, kənd həyatı, müəllimlik fəaliyyətində gördüyü işlər, qarşılaşdığı çətinliklər, buna baxmayaraq verdiyi qərarlar və digər məqamlardan bəhs olunub.

 

Sənədli film Qubanın Cimi kəndi və kənd orta məktəbində lentə alınıb. Layihənin rəhbəri Xədicə Əliyeva, filmin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, ikinci rejissoru Orxan Kərimlidir.

 

Təqdimatda layihə rəhbəri X.Əliyeva çəkiliş prosesi və məqsədi haqqında məlumat verib.

 

Daha sonra Quba rayon Təhsil şöbəsi Metodik mərkəzin direktoru Namik Hümbətov, Quba rayon Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mənsur Ağayev, Qubanın V.Məmmədsalahov adına Cimi kənd tam orta məktəbinin direktoru Rafael Məmmədov çıxış edərək film haqqında fikirlərini bildiriblər.